13 İyul 2018 12:07
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq etməkdə təqsirli bilinən Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Ruslan Verdiyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, təqsirləndirilən Cavid Əliyev Sumqayıt şəhərində anadan olub, ali təhsillidir və əvvəllər məhkumluq həyatı yaşayıb.

Digər təqsirləndirilənlər Ruslan Verdiyev və Namiq Fərəcov da daha əvvəl həbs edilib. Hər iki təqsirləndirilən şəxsin məhkumluqları ödənilib.

Zərərçəkmişlər – Nazpəri Dostəliyeva və digərlərinin məhkəmədə iştirak etmədiyi qeyd olunub.

Növbəti proses iyulun 19-da davam edəcək.

İttihama görə, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açar-seçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.

Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Yunis Hüseynli və Asif Həmidov tərəfindən törədildiyi məlum olub.

Avqustun 28-də isə cinayətkar qruplaşmanın daha iki mümkün üzvü - Sumqayıt sakinləri, 1986-cı il təvəllüdlü Cavid Əliyev, 1990-cı il təvəllüdlü Natiq Fərəcov müəyyən ediliblər.

Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.

Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.

Daha sonra Asif Həmidovun avtomobilindən, Yunis Hüseynli və Ruslan Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb.

İstintaq araşdırması zamanı məlum olub ki, dəstə üzvləri paytaxtda və Abşeron rayonunda 17-dən çox evdən, avtomobildən oğurluq ediblər.

İstintaq dövründə təqsirləndirilən Asif Həmidovun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 234-cü (narkotik vasitələrdən istifadə etmə) maddələri 307.1-ci (cinayəti bilərək məlumat verməmə) maddəsinə dəyişdirilib.

Daha sonra istintaq tərəfindən Asif Həmidovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər