26 İyul 2018 10:19
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda pul borcu üstündə yaranan mübahisə zəminində qətl hadisəsi törətməkdə təqsirli bilinən Əmrah Əlizadənin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi ötən il yanvarın 9-da Bilgəh qəsəbəsində, Azərbaycan qadını küçəsində baş verib.

Qəsəbə sakini Əmrah Əlizadə Hacıbaba Məmmədovu icarəyə götürərək işlətdiyi ərzaq mağazasında bıçaqlayıb.

Yaralı 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Həmin gün Əmrah Əlizadə Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib.

Məlum olub ki, Əmrah Əlizadə və Hacıbaba Məmmədov qonşu olublar. Əmrahın mağaza sahibinə 30 manat pul borcu olub, yanvarın 9-da sonuncu ondan qısa müddət ərzində pulu qaytarmasını tələb edib.

Bu zəmində aralarında mübahisə yaranıb və Əmrah məişət-təsərrüfat təyinatlı bıçaqla Hacıbabanı qətlə yetirib.

İstintaq orqanı tərəfindən Əmrah Əlizadənin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əmrah Əlizadənin ittiham olunduğu maddə dəyişdirilib.

Hökmdə ona qarşı Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) maddəsi ilə ittiham elan edilib.

Məhkəmənin hökmü ilə o, 9 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror protestində Əmrah Əlizadənin Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilinməsini, ona 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Zərərçəkmiş tərəfdə eyni tələblə apelyasiya şikayəti verib.

Həmçinin təqsirləndirilən şəxsin vəkili də apelyasiya şikayəti verib. Vəkil şikayətində müdafiə etdiyi şəxsə daha yüngül cəza təyin edilməsini xahiş edib.

Tərəflərin şikayətləri araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Əflatun Qasımovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Qərara görə, prokurorun protesti, zərərçəkmiş tərəfin və təqsirləndirilən şəxsin vəkilinin apelyasiya şikayətləri təmin edilməyib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər