4 Avqust 2018 10:12
2 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Qazaxıstan vətəndaşı olan qadının qətlə yetirilməsi ilə bağlı Sabunçu rayon Prokurorluğunda istintaq hərəkətləri davam edir.

Teleqraf.com xəbər verir ki, Oğuz rayon sakini, 1989-cu il təvəllüdlü Yolçu Adışirin oğlu Yusubovun Bakıya gətirdiyi 1985-ci il təvəllüdlü Atsubayeva Ayqul Almaz qızını qətlə yetirib.

Daha sonra Yolçu Yusubov intihar edib.

Bu qətl olayı ilə bağlı aparılan araşdırmalar zamanı daha bir nəfər həbs edilib. Bu, Yolçu Yusubovun qayını, 1984-cü il təvəllüdlü Famil Osmanovdur.

Famil Qasımov Yolçu Yusubovun törətdiyi ağır cinayəti bilib və hüquq-mühafizə orqanlarına xəbər verməməkdə ittiham edilir.

Məlum olub ki, 3 uşaq atası olan Yolçu Yusubov qazaxıstanlı qızla internetdə tanış olub və daha sonra onunla görüşmək üçün Qazaxıstana gedib.

Onlar Azərbaycana bir yerdə gəliblər. Aeroportdan çıxandan sonra Yolçu taksi ilə Ayqul Atsubayevanı Pirşağı qəsəbəsinə gətirib. O, qızı aldadaraq burada qalacaqlarını deyib. Lakin qamışlıq sahəyə çatan kimi Ayqulu boğaraq öldürüb. Daha sonra qaynının evinə gedib və belə bir cinayət törətdiyini deyib.

Famil Osmanov yeznəsinin belə bir hərəkət edəcəyinə inanmayıb, buna görə polisə məlumat verməyib.

İstintaq orqanı tərəfindən Famil Osmanovun barəsində Cinayət Məcəlləsinin 307-ci (cinayət barəsində xəbər verməmə) maddəsi ilə ittiham elan edilib.

Yolçu Yusubov intihar edərək özünü öldürsə də, onun barəsində prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.

Bu cinayət işi üzrə istintaq hərəkətləri bir müddət əvvəl Sabunçu rayon Prokurorluğunda başlanıb. Bu günlərdə müstəntiq əlavə istintaq hərəkətlərinin aparılması üçün cinayət işi üzrə istintaqın müddətinin uzadılması barədə Sabunçu rayon Məhkəməsinə təqdimat verib.

Hakim Ziya Şirinovun sədrlik etdiyi prosesdə müstəntiqin təqdimatı təmin edilib.

Əlavə istintaq hərəkətlərinin aparılması üçün cinayət işi üzrə istintaqın müddətinin daha 2 ay uzadılması barədə qərar qəbul edilib.

Qeyd edək ki, istintaq hərəkətləri tam başa çatdıqdan sonra iş materialları araşdırılması üçün məhkəməyə göndəriləcək. O zaman Yolçu Yusubovun ölümü ilə bağlı cinayət işinə xitam verilməsi məsələsinə baxıla bilər.

Hazırda istintaq hərəkətləri davam edir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər