Bakıda saxta pul hazırlamaqda və satmaqda ittiham olunan Bərdə rayon sakini, 22 yaşlı Elşad Cəfərov, Hacıqabul şəhər sakini, 35 yaşlı Ramil Dəmirov və Cəlilabad rayon sakini, 36 yaşlı Famil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.
Məhkəmənin hökmü ilə Elşad Cəfərov və Ramil Dəmirovi 7 il, Famil Həsənov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
İttihama görə, təqsirləndirilən şəxslər saxta pul hazırlayıb satmaq barədə öz aralarında razılığa gəliblər.
Əldə etdikləri 100, 50 və 20 manatlıq saxta əskinasları satmağa çalışıblar. Onların 14 min manat saxta pulu 3700 manata satmaq istəmələri barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Mübarizə İdarəsinin Kibercinayətlər, saxta pul, sənəd, mal və məhsulların dövriyyəsinə qarşı mübarizə idarəsinə məlumat daxil olub.
Məlum olub ki, təqsirləndirilən şəxslər Xırdalan şəhərində yaşayıblar və orada fəhləliklə məşğul olublar.
Saxta əskinaslar hazırlayıblar, satmaq üçün müştəri axtarışına çıxıblar. Amma qurduqları planı həyata keçirə bilməyiblər. İlk cəhddən uğursuzluğa düçar olublar.
Pulları “əritmək” üçün müştəri tapmaqda köməklik göstərməsini xahiş etdikləri adamın Daxili İşlər Nazirliyinə müraciəti əsasında iş başındaca – Beynəlxalq Avtovağzalın yaxınlığındakı "Görüş” kafesində yaxalanıblar.