Səbail Mebel ASC-nin baş direktoru Seyfulla Seyfullayev məhkəmə qərarından kasasiya şikayəti verib.
Ali Məhkəmədən Teleqraf.com-a verilən məlumata görə, Seyfulla Seyfullayevin şikayəti hakim Tahir Kazımovun icraatına verilib.
İlkin baxış iclası oktyabrın 31-nə təyin edilib.
Seyfulla Seyfullayev barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Bundan başqa, bu iş üzrə təqsirləndirilən Rauf Əliyev də kasasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Ali Məhkəmənin hakimi Gülzar Rzayevanın icraatına təqdim edilib.
Rauf Əliyevin şikayəti icraata qəbul edilsə də, hələlik məhkəmənin baxış iclası müəyyən edilməyib.
Qeyd edək ki, bu iş üzrə ittiham olunan sabiq deputat Dünyamin Xəlilov, Şakir Musayev, Ruslan Əsgərov, Mənsur Zeynalov kasasiya şikayəti verməyiblər.
Aqora MMC-nin direktoru Fərhad Əmiraslanov bir müddət əvvəl kasasiya şikayəti verib. Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə işə baxılan zaman Fərhad Əmiraslanov kasasiya şikayətini geri götürülməsi barədə hakimə ərizə göndərib. Hakim onun ərizəsini təmin edib, kasasiya şikayətini baxışdan çıxarıb və işi geri qaytarılması barədə qərar qəbul edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Dünyamin Xəlilov 13 il müddətinə azadlıqdan məhrum edilib.
Zamində olan Fərhad Əmiraslanov, Seyfulla Seyfullayev, Mənsur Zeynalov 5 il müddətinə cəza kəsilib. Onlar məhkəmə zalında həbs edilib. Şakir Musayev, Rauf Əliyev və Ruslan Əsgərov 4 il müddətinə şərti cəza alıb.
Hökmdən narazı qalan Dünyamin Xəlilov və digər təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar bəraət hökmünün çıxarılmasını istəyiblər.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə Dünyamin Xəlilovun cəzası 12 il 9 aya, Mənsur Zeynalovun cəzası isə 4 il 6 aya endirilməsi barədə qərar qəbul edilib.
Qalan təqsirləndirilən şəxslərin apelyasiya şikayəti təmin edilməyib.
İttihama görə, Dünyamin Xəlilov Azərbaycan Beynəlxalq Bankı ASC İdarə Heyətinin sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyevlə yaxın dostluq münasibətində olub.
O, Səbail Mebel ASC-nin baş direktoru Seyfulla Seyfullayev, Aqora MMC-nin direktoru Fərhad Əmiraslanov, Kondor Qrup MMC-nin direktoru Mənsur Zeynalov və qeyriləri ilə cinayətkar qrup – mütəşəkkil dəstənin tərkibində külli miqdarda özgə əmlakını qəsdlə və təkrar talayaraq mənimsəyib.
Dəstə üzvləri həmçinin Azərbaycan Beynəlxalq Bankına külli miqdarda ziyan vurublar.