20 Avqust 2014 13:02
1 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ər və qayınananın dəhşətli işgəncələrinə məruz qalan qadın hüquq-mühafizə orqanlarına müraciət edib.

Dünən Xətai Məhkəməsində gəlininə işgəncə verməkdə təqsirli bilinən Kəmalə Əzizovanın mühakiməsi başlayıb.

Teleqraf.com-un xəbərinə görə, Bakı sakini Aynur Əsgərova 2012-ci ilin mayında Murad Əzimovla “şəriət nikahı” bağlayaraq ailə qurub. O, ər evinə köçəndən sonra dəhşətli işgəncələrə məruz qalıb.
Aynur Əsgərova qayınanası Kəmalədən də işgəncə görüb. Murad Əzizov və anası Kəmalə hər gün gəlini döyüb, ona dəhşətli əziyyətlər veriblər. Ayrı-ayrı vaxtlarda bıçağı qaz sobasında qızdıraraq bədəninin müxtəlif yerlərinə dağ çəkib, günlərlə ac saxlayıb, mütəmadi nalayiq söyüşlər söyməklə onun şəxsiyyətini alçaldıblar.


Əri və qayınanasının işgəncələrinə dözməyən Aynur Əsgərova ata evinə qayıdıb. Bundan sonra o, Xətai rayon Polis İdarəsinə şikayət edib. Kəmalə Əzizova bütün günahları öz boynuna götürüb. O, gəlininə işgəncə verdiyini, oğlunun bundan xəbəri olmadığını deyib.

Kəmalə Əzizova barəsində Cinayət Məcəlləsinin 133-cü (işgəncə vermə) maddəsi ilə cinayət işi başlanıb. Murad Əzizovla bağlı hər hansı tədbir görülməyib.

“Bunu ömrüm boyu yaşamağa məhkumam”

Hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı avqustun 26-na təyin olunub.

Zərərçəkmiş Aynur Əsgərova ona işgəncə verən Murad Əzimovun da cinayət məsuliyyətinə cəlb olunmasını istəyir. Redaksiyamızla əlaqə saxlayan Aynur Əsgərova bildirib ki, Murad Əzimov və onun anası Kəmalə ayrı-ayrı vaxtlarda ona işgəncələr verib, bədəninin müxtəlif yerlərində silinməz izlər qalan xəsarətlər yetiriblər: “Bu isə ömrümün sonuna kimi məni müşayiət edib, mənə kompleks yaşadacaq. Hər dəfə güzgüyə baxanda Murad və Kəmalənin mənə verdikləri ağır işgəncələr gözümün qabağına gəlir. Bunu ömrüm boyu yaşamağa məhkumam”.

Zərərçəkmişin sözlərinə görə, Murad Əzimovu anası cinayət məsuliyyətindən yayındırılib: “Kəmalə Əzimova izahatında Muradın məni cəzalandırdığını göstərir, Murad da öz izahatında aydın şəkildə törətdiyi cinayəti etiraf edir. Kəmalə Əzimova izahatında yazıb ki, Murad məni dəfələrlə cəzalandırıb. Daha sonra bildirib ki, bədənimdə olan müxtəlif xəsarətlər səhlənkarlığım nəticəsində baş verib. O, iddia edir ki, bədənimdəki yanıqlar çay dəsmalı yanan zaman baş verib”.

Aynur Əsgərovanın sözlərinə görə, qayınanası da, əri də istintaqa ziddiyyətli ifadə veriblər: “Murad Əzimov qeyd edib ki, sonuncu dəfə evdə mətbəxdə olan bıçağı peçin üstündə qızdıraraq guya məni başa salmaq istəyib”.

Zərərçəkmiş bildirib ki, Murad Əzimovun məsuliyyətə cəlb olunması üçün məhkəmə baxışı zamanı vəsatətlər verəcək. O, Murad Əzimovun həbs olunmasını və cəzalandırılmasını istəyir.

Bütün bu deyilənlərə məhkəmə araşdırması zamanı aydınlıq gətiriləcək.

Hacı


Müəllif:

Oxşar xəbərlər