14 Sentyabr 2018 11:18
1 411
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bərdə rayonunda cinayət törətməkdə təqsirli bilinən Ağdam rayon sakini Adil İbrahimovun məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, bu il mayın 9-da Bərdə rayonunda Ramiz Əliyev və onun oğlu Yusif müxtəlif dərəcəli bədən xəsarəti ilə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Məlum olub ki, ata və oğulu rayon ərazisində Ağdam rayon sakini Adil İbrahimov döyüb, daha sonra onlara çəkiclə xəsarət yetirib.

Cinayəti törədən Adil İbrahimov Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən yaxalanıb.

İstintaq orqanı tərəfindən Adil İbrahimovun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsin sağlamlığına ağır zərər vurma) və 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.

Məhkəmədə ifadə verən Adil İbrahimov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Qeyd edib ki, Ramiz Əliyev və oğlu Yusif onun ailəsini təhqir edib.

Adil İbrahimovun sözlərinə görə, hadisə baş verən günü ata və oğul ilə mübahisəsi olub: “Mübahisə zamanı yenə də məni söydülər. Mən də məcbur qalaraq onları vurdum”.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər