25 Sentyabr 2018 17:43
3 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda xuliqanlıqda, hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən 2001-ci il təvəllüdlü K.M.-in cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə məktəblinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

O, şərti cəza alıb, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama əsasən, yetkinlik yaşına çatmayan K.M. xuliqanlıq və hədə-qorxu ilə pul tələb etmə cinayətləri törədib.

O, eyni məktəbdə oxuyan Y.Q.-yə özünü kriminal aləmin üzvü kimi təqdim edib, onu döyəcəyi ilə qorxudaraq 60 manatını alıb. Mübahisə zəminində ona beyzbol taxtası ilə zərbələr endirib.

Bundan başqa Y.Q.-nin yanında olan dostu R.Ə.-yə bıçaqla xəsarət yetirib.

K.M. elan olunmuş ittihamla özünü qismən təqsirli bilməyib. Qeyd edib ki, Y.Q. ilə pula görə mübahisələri olub, ancaq bu mübahisə ona verdiyi borc pulu qaytarmamasına görə yaranıb: “100 manat ona borca pul vermişdim. Özümə paltar alacaqdım, amma dedi ki, evə pul lazımdır. Mən də ona borc verdim. Həmişə alıb vaxtında qaytarıb.

Həmin gün Y.Q.-dən pul istəyəndə dedi ki, yoxudur, olanda verəcək. Mübahisə elədik, dalaşdıq. Bizi müəllimlər otağına apardılar. Oradan çıxanda dostları da qapının ağzında idi. Mənə dedi ki, səni gözləyirəm. Mən də razılaşdım. Məktəbin pəncərəsindən düşüb evə getdim. Beyzbol taxtası və bıçaq götürüb gəldim. Məktəbin yanında görüşəndə Y.Q.-ni taxta ilə vurdum. O yerə yıxılanda dostu R.Ə. ayağımdan tutmaq istədi,istəmədən bıçaq onun boğazını kəsdi. Onu bıçaqla vurmaq istəmirdim.

Bıçaq dəyəndə hamı qaçdı.Onu özüm yaxınlıqdakı klinikaya apardım və dedim ki, yıxılmışam deyərsən. R.Ə. “yıxılmışam” desə də, klinikadan 102-yə zəng elədilər. Mən də ordan qaçdım”.

Təqsirləndirilən suallara cavab olaraq beyzbol taxtasını həyətdən tapdığını, bıçağı isə Laçın Ticarət Mərkəzindən evdə meyvə doğramaq üçün aldığını söyləyib.

K.M. Cinayət Məcəlləsinin 182.2.2-ci (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə; eyni əməllər), 182.2.3-cü (zor tərbuq etməklə törədildikdə), 221 (xuliqanlıq) və 228-ci (qanunsuz olaraq soyuq silah gəzdirmə) maddələri ilə ittiham edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər