17 Oktyabr 2018 15:47
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Hərbi əks-kəşfiyyat baş idarəsinin 1-ci idarəsinin “N” saylı briqada üzrə bölməsinin rəisi vəzifəsində işləmiş Elçin Mürsəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Elçin Mürsəlov 2015-ci ilin oktyabrın 17-də milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən kənarlaşdırılandan sonra həbs edilib.

Onun barəsində Baş Prokurorluqda Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 32.4, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməkdə iştirakçılıq) maddələri ilə ittiham elan edilib.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Mürsəlov 2 il sınaq müddəti olmaqla 6 il 10 ay 9 gün müddətinə şərti cəza alıb. O, məhkəmə zalından azadlığa buraxılıb.

Bundan sonra onun barəsində yenidən istintaq hərəkətləri aparılıb.

Məlum olub ki, Elçin Mürsəlov tanışı Həsrətəli Səfərovun vasitəsi ilə işə düzəlmək üçün ona müraciət etmiş sonuncunun qohumu, Quba rayon sakini Zahir Kərimova övladı Samir Kərimovun Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə işə düzəldəcəyini yalandan vəd verib.

O, guya qeyd olunan məsələnin həlli üçün 2015-ci ilin martında Quba rayonunun Qımır-Qışlaq kəndində 5.000 manat məbləğində pulu Zahir Kərimovdan alıb.

İstintaq orqanı tərəfindən Elçin Mürsəlovun barəsində yenidən Cinayət Məcəlləsinin 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Elçin Mürsəlov 3 min manat cərimə cəzası təyin olunub. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri qüvvədə saxlanılıb.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Bakı Hərbi Məhkəməsinin hökmünün dəyişdirilməsini, ona ittiham olunduğu Cinayət Məcəlləsinin 178.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətlər həddində azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin edilsməsini xahiş edib.

Prokuror protesti onunla əsaslandırıb ki, birinci instansiya məhkəməsi qanun normalarını düzgün tətbiq etməyərək, təqsirləndirilən şəxsə cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan yüngül və ədalətsiz cəza təyin edib.

Protestə qeyd edilib ki, məhkəmənin cərimə cəzasının təyin etməsi üçün nəzərə aldığı yüngülləşdirici hallar ona cərimə cəzasının təyin edilməsi üçün əsas ola bilməz.

Bundan başqa məhkəmə cərimə cəzasının minimum həddə tətbiq edilməsini cəzanın məqsədinə uyğun hesab etsə də, nə üçün belə bir nəticəyə gəlməsinin səbəbini əsaslandırmayıb.

Prokurorun protesti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Vidadi Cəfərovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib. Qərara görə, prokurorun protesti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov