Azərbaycanlı qadınları Türkiyədə cinsi istismara məruz qoymaqda ittiham olunan Günay Axundova həbs edilib.
Teleqraf.com xəbər verir ki, Gəncə şəhər sakini, 1976-cı il təvəllüdlü Günay Axundovanın həbs edilməsi üçün əməliyyatı Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarıkeçirib.
Məlum olub ki, Günay Axundova bir neçə Azərbaycan vətəndaşı olan qadınları Türkiyəyə aparıb, orada cinsi istismara məruz qoyub.
Günay Axundovanın əməllərindən zərərçəkmiş qadınlar baş idarəyə şikayət edib.
Şikayət əsasında araşdırma aparılıb və Günay Axundovanın insan alveri törətməsi faktı müəyyən edilib. Onun barəsində bu ilin əvvəlində axtarış elan edilib.
Bildirilir ki, Günay Axundova insan alveri qrupunun dəstə başçısı kimi tanınır.
İstintaq orqanı tərəfindən Günay Axundovanın barəsində Cinayət Məcəlləsinin 144-1.2.2-ci (təkrar insan alveri törətmək), 144-1.2.4-1-ci (insan alveri qurbanını Azərbaycan Respublikasının dövlət sərhədindən keçirməklə törədildikdə) və 144-1.2.1-ci (iki və ya daha çox şəxs barəsində insan alveri törətmək) maddələri ilə ittiham elan edilib.
Nərimanov rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan prosesdə Günay Axundovanın barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam edir.