5 Noyabr 2018 10:25
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda qətl törətməkdə təqsirli bilinən Emin Ramazanovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Növbəti proses noyabrın 7-də davam edəcək.

İstintaq orqanı tərəfindən Emin Ramazanovun barəsində Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan olunub.

İttihama görə, bu il fevralın 18-də Sabunçu qəsəbəsi ərazisindən qəsəbə sakini 62 yaşlı Tarıyel Həmzəyev kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilib və izahatında yıxılma nəticəsində xəsarət aldığını bildirib.

Martın 21-də Tarıyel Həmzəyev xəstəxanada ölüb.

12-ci polis bölməsi əməkdaşları tərəfindən aparılan araşdırmalarla cari il fevral ayının 16-da Sabunçu qəsəbəsi ərazisində yerləşən kafedə Tarıyel Həmzəyevlə həmyerlisi 27 yaşlı Emin Ramazanov arasında münaqişə baş verməsi və bu zaman sonuncunun onun baş nahiyəsinə butulka ilə xəsarət yetirməsi müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Emin Ramazanov saxlanılıb.

Məlum olub ki, onlar hadisədən əvvəl yeyib-içiblər. Daha sonra sərxoş olan şəxslərin arasında mübahisə yaranıb. Mübahisə sonda qanlı olayla nəticələnib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər