Tanınmış idmançı Fəridə Əzizovanın evindən oğurluq etməkdə təqsirli bilinən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Nicat İsrafilov 10 il müddətinə azadlıqdan məhrum olunub.
Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilmiş Nərgiz Fərəcovaya isə şərti cəza verilib.
İttihama görə, təqsirləndirilən şəxslər Fəridə Əzizovanın Yasamal rayonu ərazisində yerləşən mənzilindən içərisində 35000 manat və 18800 dollar olan seyf oğurlayıb.
Fəridə Əzizova Azərbaycanın peşəkar taekvondoçusu, dünya və Avropa çempionatlarının mükafatçısıdır.
Nicat İsrafilov daha əvvəl məhkumluq həyatı yaşayıb.