Bakıda dələduzluq etməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Sahil Cahangirli və onun yaşıdı Anar Əşrəfovun barəsində hökmdən verilən şikayət üzrə məhkəmə prosesi başlayıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra müəyyən edilib ki, prokuror tərəfindən apelyasiya protesti verilib. Prokuror hər iki təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.
Həmçinin zərərçəkmiş tərəfdən də eyni tələblə apelyasiya şikayətinin məhkəməyə daxil olduğu məlum olub.
Növbəti proses dekabrın 7-də davam edəcək.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onlar şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıblar.
İttihama görə, Sahil Cahangirli "Real" MTK-nın icraçı direktoru işləyib. Digər təqsirləndirilən Anar Əşrəfov MTK-da müxtəlif vəzifələrdə işləyib.
Onlar hər ikisi vətəndaşların etibarından sui-istifadə edərək əmlaklarını ələ keçirməkdə, rəsmi sənədləri saxtalaşdırmaqla MTK-ya məxsusu mənzilləri ayrı-ayrı şəxslərə satmaqda ittiham edilirlər.
Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Qeyd edək ki, Sahil Cahangirli “Real” MTK-nın həbsdə olan rəhbəri İlham Qasımovun bacısı oğludur.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə İlham Qasımov 15 il müddətinə azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi onun cəzasını 12 ilə endirib.
İlham Qasımov “Real” MTK-nın rəhbəri olub. O, Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunub.
İlham Qasımov rəhbərlik etdiyi şirkət tərəfindən tikilmiş yaşayış binalarında mənzilləri bir neçə şəxsə satmaqda, şəriklik etdiyi azərbaycanlı milyonçu Gülağa Qəmbərova (Tənha) külli miqdarda maddi zərər vurmaqda təqsirləndirilib.
İttihama görə, İlham Qasımov Gülağa Qəmbərovun 19,5 milyon dollarını mənimsəyib.
İlham Qasımov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin həbsdə olan generalı Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və dələduzluqda təqsirləndirilən Sahil Cahangirlinin cinayət işi üzrə daha bir məhkəmə prosesi keçirilir.
Prosesə hakim Azad Məcidovun sədrliyi ilə baxılır.
İttihama görə, Sahil Cahangirli "Real" MTK-nın direktoru olan zaman Nərimanov rayonunda tikilən binada bir mənzili əvvəlcə Bəylər Abdullayevə, sonra isə Rauf Abdullayevə satıb.
Hazırda evdə Rauf Abdullayev yaşayır və sənədlər isə Bəylər Abdullayevin adınadır.