Suriyada qanunsuz hərbi birləşmələrin tərkibində Bəşər Əsədə qarşı döyüşlərdə iştirak etməkdə təqsirləndirilən mütəşəkkil dəstənin üzvü Ruslan Mustafayevin barəsində olan hökmdən verilən şikayətə baxılıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Habil Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Ruslan Mustafayevin apelyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi barədə verdiyi şikayəti təmin olunmayıb.
Qeyd edək ki, Ruslan Mustafayev 2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.
Həmin dövrdə ona qanunla müəyyən edilmiş qaydada apelyasiya şikayəti üçün müddət verilsə də, o, həmin müddətdə apelyasiya şikayəti təqdim etməyib.
Bu il Bakı Ağır Cinayətlər Məhkəməsinə müraciət edən Ruslan Mustafayev apelyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsini istəyib.
Amma məhkəmə müddəti üzrsüz səbəbdən ötürdüyü üçün onu bərpa etməyib.
Ruslan Mustafayev Tural Həsənov, Elvin Əliyev, Fərid Muradov, Tariyel Mustafayev və Namiq Məmmədov ilə birlikdə mühakimə olunublar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Həsənov, Elvin Əliyev, Fərid Muradov, Tariyel Mustafayev, Namiq Məmmədov isə 13 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onların şikayətləri təmin olunmayıb.
Təqsirləndirilən şəxslər ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs ediliblər.
Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Tariyel Mustafayev məhkəmədə verdiyi ifadəsində bildirib ki, il yarımdır bədəninə 500 yaşı olan Aişə adlı cin girib. Onun sözlərinə görə, bu cini çıxarmaq üçün Suriyaya gedib, orada müalicə olunub. Digər təqsirləndirilən şəxslərdə özlərini təqsirli bilməyiblər.