10 Yanvar 2019 12:55
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daşkəsən rayonunda qətl törətməkdə təqsirli bilinən Fikrət İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, ötən il sentyabrın 18-də Daşkəsən rayonunun Əhmədli kəndində, rayon sakini Fikrət İsmayılov evində münaqişə zəminində həmkəndlisi, əvvəllər məhkum olunmuş Natiq Quliyevi bıçaqlayaraq qətlə yetirib.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Fikrət İsmayılov rayon ətrafındakı meşə ərazisində saxlanılaraq istintaqa təhvil verilib.

Məlum olub ki, Natiq Quliyev və Fikrət İsmayılov qohum olublar. Hadisədən əvvəl yeyib-içiblər. Daha sonra aralarında mübahisə yaranıb, sərxoş olan dostlar bir-birlərini söyüblər.

Bu zaman Fikrət İsmayılov bıçaqla Natiq Quliyevi vurub.

Cinayəti törədən Fikrət İsmayılov kənd ərazisində yerləşən meşə sahəsinə qaçıb və bir neçə gün meşədə gizlənərək, istintaqdan yayına bilib.

Amma sonda o, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən gizləndiyi yerdə tapılıb.

İstintaq orqanı tərəfindən Fikrət İsmayılovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov