11 Yanvar 15:25
356

Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş qaynı Fərid Yusubun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

Elan olunmuş ittiham üzrə Fərid Yusub özünü təqsirli bilməyib. Ona sərbəst ifadə verməsi təklif olunub. Lakin Fərid Yusub ifadə verməkdən imtina edib. Bildirib ki, istintaqda ifadə verməyib, heç bir sənədə imza etməyib.

Daha sonra hakimin suallarını cavablandıran təqsirləndirilən şəxs deyib ki, 2014-cü ildə bacısı Gürcüstanda olan zaman onunla əlaqə saxlayıb, sonra Belarusdan onun yanına gəlib: “Bacım ölkəni necə tərk etdiyi barədə mənə heç nə demədi. Bir müddət sonra Rusiyada həbs edildim. Həmin zaman bildim ki, bacımın işi üzrə ittiham olunuram. Həbsimdən 1 il sonra Azərbaycana ekstradisiya edildim. Rusiyada evlənmişəm, 3 uşağım var”.

Fərid Yusub istintaqa verdiyi ifadəsinin bəzilərini xatırlamadığını deyərək bacısı ilə Gürcüstanda görüşdüyünü təsdiqləyib.

Fərid Yusub prokurorun ona verdiyi sualları da cavablıandırmaqdan imtina edib.

Növbəti proses yanvarın 18-də davam edəcək.

Qeyd edək ki, Gülnarə Şəkinskaya keçmiş həyat yoldaşı Emin Şəkinskinin evindən 60 min manat pul oğurlamaqda ittiham olunur.

Gülnarə Şəkinskaya, eləcə də onun övladları - Həmidə, Məryəm, Nadiya və Cəvahir Şəkinskayalar dövlət sərhədini qanunsuz keçiblər.

Pənah Dadaşov, Namiq Camalov, Raqub İsbəndiyarov, Zeynəb Cəfərova, Şəfiqə Bağırova, Saçlı Həsənova, Pərvin Dadaşov, Rəvanə Dadaşova, Tahir Hüseynov, Günel Hüseynova, Adəm İsgəndərov və Ənnab İsgəndərov isə onlara yardım etməkdə günahlandırılırlar. Həmin şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Cinayət işində adları hallanan Gülnarə Şəkinskaya, onun qardaşı Fərid Yusub və Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev barəsində axtarış elan olunub.

“İnterpol” xətti ilə beynəlxalq axtarışda olan Fərid Yusub xarici ölkədə saxlanılıb və Azərbaycana təhvil verilib.

Fərid Yusub Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törədildikdə), 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlanma, satma və ya saxta sənədlərdən istifadə etmə) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçmə) maddələri ilə ittiham olunur.

İş üzrə zərərçəkmiş qismində Emin Şəkinski tanınır.


Müəllif: Hacı Zeynalov