23 Yanvar 2019 14:34
1 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsinə baxılıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində Vüqar Mahmudovun vəkilinin vəsatəti üzrə qərar elan olunub.

Qərara görə, vəsatət təmin olunmayıb.

Qeyd edək ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Vüqar Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və 341.2.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.

Vüqar Mahmudovun barəsində 2017-ci ilin noyabrın da həbs edilib.

Vüqar Mahmudov Eldar Mahmudovun əmisi oğludur.


Müəllif: Hacı Zeynalov