Mənimsəmədə təqsirləndirilən Dəmir Bank ASC-nin Bayıl filialının sabiq müdiri Fərəh Rəşadətli, xəzinədar Tamamgül Xanlarova və bank əməkdaşı Fariz Qarayev kasasiya şikayəti verib.
Teleqraf.com xəbər verir ki, onların şikayətləri araşdırılması üçün Ali Məhkəməyə daxil olub.
Şikayət araşdırılması üçün hakim İmran Hacıqayıbovun icraatına verilib.
Yaxın günlərdə məhkəmənin vaxtı açıqlanacaq.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərəh Rəşadətli 8 il müddətinə azadlıqdan məhrum edilib.
Digər təqsirləndirilənlər, barələrində polis nəzarəti qətimkan tədbiri seçilmiş Tamamgül Xanlarovanın 1000 manat cərimə olunması, Fariz Qarayevin isə əmək haqqından hər ay 20 faiz tutulması ilə bağlı məhkəmə hökm çıxarılıb.
Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti verərək bəraət istəyiblər. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə onların şikayətləri təmin olunmayıb.
Fərəh Rəşadətli Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq), 179.3.2-ci (mənimsəmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Fariz Qarayev və Tamamgül Xanlarova isə 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham ediliblər.
Qeyd edək ki, həmin şəxslər 3 milyon manata yaxın pulu mənimsəməkdə təqsirli bilinir.
Cinayət işində 8 nəfər zərərçəkmiş var.