Şabran rayonunda namus üstündə qətl törətməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Ağayəhya Abbasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi araşdırılması üçün hakim Cavid Hüseynovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası martın 6-na təyin olunub.
İttihama görə, ötən il iyulun 9-da Şabran rayon sakini Ağayəhya Abbasov həmyerlisi, 1970-ci il təvəllüdlü Rəşid Əhmədova ürək nahiyəsindən 2 dəfə bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Qətl hadisəsinin baş vermə səbəbi ilkin olaraq şəxsi münaqişə olub.
Belə ki, Rəşid Əhmədov təxminən 20 il əvvəl Ağayəhyanın bibisini qaçırıb və bir müddət birlikdə yaşadıqdan sonra onu ata evinə qaytarıb.
Sonradan Ağayəhyanın bibisi Cəlilabad rayonuna gəlin köçüb.
Müəyyən müddət sonra bibisinin bu ailə həyatı da uğursuz alınıb və yenidən ata evinə qayıdıb.
Bundan sonra Ağayəhya Rəşidin 20 il bundan əvvəlki hərəkətinə görə cəzalandırmaq qərarına gəlib və onu qapısına çağıraraq bıçaqlayıb.
İstintaq orqanı tərəfindən Ağayəhya Abbasovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.