Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədri Əbülfəz Sadıqlı, əmisi oğlu Asif Sadıqlı və "Nikoyl Bank"ın əməkdaşı olmuş Kamran Abbasovun barəsində hökm açıqlanıb.
Teleqraf.com xəbər verir ki, Qaradağ rayon Məhkəməsinin hökmü ilə Əbülfəz Sadıqlının barəsində 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. O, məhkəmə zalından azadlığa buraxılıb.
Digər təqsirləndirilən şəxslər də 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
***
13:26
Müsavat Partiyası Gənclər Təşkilatının həbsdə olan sədri Əbülfəz Sadıqlı, əmisi oğlu Asif Sadıqlı və "Nikoyl Bank"ın əməkdaşı olmuş Kamran Abbasovun işi üzrə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Qaradağ rayon Məhkəməsində hakim Fuad Huseynovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror onların hər birinin barəsində 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını tələb edib.
Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri müdafiə nitqi ilə çıxış edib, sonra təqsirləndirilən şəxslər son söz deyib.
Hakimlər hökm qəbul etmək üçün müşavirəyə çıxıb. Hökmün günün ikinci yarısında elan ediləcəyi gözlənilir.
Əbülfəz Sadıqlı və digərləri barəsində ötən ilin noyabrında cinayət işi başlanıb.
Təqsirləndirilən şəxslər dələduzluq və saxta sənəd hazırlayaraq ondan istifadə etmək ittiham edilib.
Belə ki, Əbülfəz Sadıqlı yol polisinə "Nikoyl Bank"ının krediti ilə aldığı "Niva” markalı avtomobilə görə borclu qaldığı 5100 manatın ödənməsi barədə saxta arayış təqdim edərək maşını öz mülkiyyətinə keçirib, daha sonra satıb.