11 İyun 2019 12:27
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən iki fərdi yaşayış evindən oğurluq edərək zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir kii, araşdırmalarla onun əvvəllər məhkum olunmuş rayon sakini, 35 yaşlı Elxan Xəlilov olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs törətdiyi oğurluq hadisələrini etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, E.Xəlilov may və iyun aylarında rayon ərazisində yerləşən iki fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan elektrik naqilləri, kombi aparatı, televizor, təsərrüfat malları və digər məişətdə istifadə olunan avadanlıqları oğurlayıb.

Oğurluq nəticəsində əldə etdiyi əşyaların bir qismini tanışı, əvvəllər məhkum olunmuş Ramin Əhmədovun köməyi ilə satan saxlanılan şəxs, satışdan əldə etdiyi puldan 20 manatı ona verdiyini bildirib.

Oğurluq yolu ilə əldə edilmiş əşyaların xeyli hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktlarla bağlı Qusar rayon polis şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Həmin şəxsin başqa oğurluq hadisələrində iştirak edib-etməmələri araşdırılır.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər