Hədə-qorxu yolu ilə pul tələb etməkdə və digər cinayətlərdə ittiham olunan “Realliq.info” və digər “reket” informasiya saytlarının baş redaktoru İkram Rəhimovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.
Məhkəmənin qərarı ilə İkram Rəhimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, İkram Rəhimovun tabeçiliyində olan şəxslərlə birlikdə “Realliq.info” və digər “reket” informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.
Məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqədə olduğuşəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.
İkram Rəhimov 2017-ci ilin sentyabr ayında zərərçəkmiş Rafiq Ədilovdan davamlı olaraq mətbuatda rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.
Daha sonra, İkram Rəhimov 2017-ci ilin dekabr ayında fərdi sahibkar Cabir Cəfərovdan fəaliyyətində qanunsuzluqlara yol verdiyi barədə mətbuatda məlumatlar yayacağı hədəsi ilə pul vəsaiti tələb edərək alıb.