13 İyun 2019 11:45
1 706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əxlaqsızlıq yuvalarının təşkilində və qadınları fahişəliyə cəlb etməkdə təqsirləndirilən Tərtər rayon sakini, 1983-cü il təvəllüdlü Şahin Səfərov və Xaçmaz rayon sakini, 1986-cı il təvəllüdlü Səid Cəlilovun barəsində olan məhkəmə qərarından verilən kasasiya protestinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Prokurorun təqsirləndirilən şəxslərin barəsində Sumqayıt Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilməsi barədə verdiyi kasasiya protesti təmin edilib.

Sumqayıt Apelyasiya Məhkəməsinin qərarı tamami ilə ləğv edilib, işin yenidən araşdırılması üçün apelyasiya instansiyasına göndərilməsi barədə qərar qəbul edilib.

İttihama görə, əxlaqsızlıq yuvası təşkil etmək məqsədi ilə Şahin Səfərov bir qrup şəxslə qabaqcadan əlbir olub.

O, tanışları Səid Cəlilov, Əhməd Şirinov, Elvin Daşdi və Kamal Xanmədovla 2017-ci ilin aprelində Şıxbaba Quliyevə məxsus, Quba-Bakı avtomobil yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində “Araz” adlanan kafeni şifahi razılıq əsasında aylıq 300 manat müqabilində icarəyə götürüb.

Daha sonra fahişəliklə məşğul olmaq üçün oradakı otaqlara çarpayı qoyub, yararlı vəziyyətə gətirib. Dəstənin digər üzvləri Səid Cəlilov, Əhməd Şirinov, Elvin Daşdi və Kamal Xanmədovla birlikdə oranı idarə edib, dekabrın 2-dək əxlaqsız yuvası kimi saxlayıb.

Bu müddətdə Vəfa Məmmədova, Səbinə Əliyeva, Könül Səlimova (cinayət işində qadınların ad-soyadı şərtidir – red.) və istintaqa adları məlum olmayan digər qadınlar müştəri kimi kafeyə gələn müxtəlif kişilərlə görüşüblər.

Adıçəkilən qadınların kişi müştərilərlə görüşməsini dəstə üzvləri Kamal Xanmədov, Əhməd Şirinov təşkil ediblər. Onlar bar otağında tanış olanları xüsusi ayrılmış və çarpayılarla təchiz olunmuş yataq otaqlarına gətiriblər.

Məlum olub ki, qadınların kişi müştərilərlə görüşü üçün otağın hər 20 dəqiqəsi 25 manata verilib.

Elvin Daşdi isə cinsi əlaqədə olanların otağı tərk etmələrinə, otağın boşaldılaraq səliqəyə salınmasını təmin edib.

Dekabrın 2-də Quba rayon sakini Tərlan Qəmbərov kəndin içində əxlaqsızlıq yuvası təşkil olunmasına etirazla “Araz” kafesini yandırıb, bundan sonra kafe fəaliyyətini dayandırıb.

“Araz” kafesi yandırıldıqdan sonra Şahin Səfərov dəstənin digər üzvləri ilə birlikdə başqa bir kafeni eyni məqsədlə icarəyə götürüb.

Şahin Quba rayonunun Vəlvələ kəndi ərazisində, “Bakı” adlanan kafenin mülkiyyətçisi ilə icarə müqaviləsi bağlayıb və 2017-ci il dekabrın 7-dən həmin obyekti işlətməyə başlayıb.

Fahişəliklə məşğul olmaq üçün oradakı üç otağın hər birinə çarpayı, bir otağa isə iki çarpayı qoyulub.

Bundan sonra Şahin Səfərov digərləri – Səid Cəlilov, Əhməd Şirinov, Elvin Daşdi, Kamal Xanmədov, Kamal Bəxtiyar oğlu ilə birlikdə oranı işlətməyə başlayıb.

Onlar 2018-ci il fevralın 4-dək kafeni əxlaqsızlıq yuvası kimi saxlayıblar. Vəfa Məmmədova, Səbinə Əliyeva, Könül Səlimova və digər qadınlar burada yüngül həyat tərzi keçirib, “Bakı” kafesində kişi müştərilərə intim xidmət göstəriblər.

Bu kafedə də Elvin Daşdı hər 20 dəqiqəsi 25 manat pul müqabilində müştərilərə şərait yaradıb.

Elvin Daşdı müştərilərdən aldığı pulu bar otağındakı dəftərdə müvafiq qeydiyyat aparan Səid Cəlilov və Əhməd Şirinova verib.

Əhməd Şirinov əxlaqsızlıq yuvasının xəzinəsinin “qara mühasibatlığı”nı aparıb və pulları Şahin Səfərova təhvil verib.

Şahin Səfərov əldə olunan gəlirin bir hissəsini gördükləri işə görə əməkhaqqı kimi Səid Cəlilov, Əhməd Şirinov, Elvin Daşdi və Kamal Xanmədova verib, qalan hissəsini özünə götürüb.

Fevralın 4-də Kamal Xanmədov Quba rayonunun Qəçrəş kəndi ərazisindəki “Dostluq” kafesində intihar edib.

Onun intiharı ilə bağlı aparılmış istintaq tədbirləri nəticəsində “Bakı”da yaradılmış əxlaqsızlıq yuvasının fəaliyyəti dayandırılıb.

İstintaq zamanı adı işdə hallanan şəxslərdən yalnız Şahin Səfərov və Səid Cəlilovun barəsində cinayət işi başlanıb.

İşdə adıçəkilən digər şəxslər inzibati qaydada cərimə olunublar.

İstintaq orqanı tərəfindən Şahin Səfərov və Səid Cəlilovun barəsində Cinayət Məcəlləsinin 244.2.1-ci (təkrar əxlaqsızlıq yuvaları saxlama) və 244.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə ittiham elan edilib.

Quba rayon Məhkəməsinin hökmü ilə hər iki təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

3 il sınaq müddəti olmaqla Şahin Səfərov 3 il 5 ay 19 gün, Səid Cəlilov isə 3 il 3 ay 20 gün müddətinə şərti cəza alıblar.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib.

O, təqsirləndirilən şəxslərin barəsində təyin edilmiş Cinayət Məcəlləsinin 70-ci maddəsinin hökmdən xaric edilməsini, hər iki təqsirləndirilən şəxsin həbs olunmasını istəyib.

Prokurorun protesti baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elman Əhmədovun icraatına verilib.

Prokurorun protestini araşdıran hakim heyəti sonda qərar elan edib.

Protest təmin olunmayıb.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər