24 İyun 2019 15:10
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaçaqmalçılıqda təqsirləndirilən Nurlan Nəsibov və onun həyat yoldaşı Layə Yaqubovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyunun 28-nə təyin edilib.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin yaydığı məlumata əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi əməkdaşlarının sayıqlığı nəticəsində xeyli sayda mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısı alınıb.

Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Yaqubova Layə Cümşüd qızı həyat yoldaşı Nəsibov Nurlan Vəfadar oğlu ilə birlikdə Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarətini keçdikdən sonra əl yükü olan çamadanı lentin yanında qoyaraq ayaqyoluna daxil olub və orada əyninə çadra geyinərək lentin yanında qoyduğu çamadanı götürüb və "Yaşıl Kanal"a doğru hərəkət edib.

L. Yaqubova gömrük əməkdaşı tərəfindən saxlanılaraq "Qırmızı Kanal"a yönləndirilib və bu zaman həyat yoldaşının çamadanındakı qaçaqmal predmetlərinin aşkar ediləcəyini anlayan N. Nəsibov diqqəti yayındırmaq məqsədilə yerə yıxılaraq özünü pis hiss etdiyini bildirib.

Gömrük əməkdaşlarının diqqətinin N. Nəsibova yönəldiyini görən L. Yaqubova "Qırmızı Kanal"a daxil olmadan yenidən çamadanını lentin yanına qoyaraq ayaqyolunda çadrasını çıxarıb və əl yükü olmadan "Yaşıl Kanal" buraxılış sistemi vasitəsilə gömrük zonasını tərk etməyə cəhd göstərib.

Gömrükçülər tərəfindən saxlanılaraq yoxlama otağına dəvət edilən L. Yaqubovanın hava limanının zalında qoyaraq gömrük nəzarətindən keçmək istədiyi əl yükü olan çamadanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və yazılı formada bəyan olunmayan 6 ədəd "Samsung S9 64GB", 1 ədəd "Samsung Note 9 128GB" , 5 ədəd "İphone XS Gold 64GB", 3 ədəd "İphone XS Space Gray 64GB" , 1 ədəd "İphone XS Gold 256GB", 1 ədəd "İphone X Silver 64GB", 1 ədəd "İphone XS MAX Space Gray 256GB", 1 ədəd "İphone XS MAX Space Gray 64GB", 1 ədəd "İphone XS MAX Gold 256GB" və 2 ədəd "İphone XS MAX Gold 64GB" markalı mobil telefonlar, əl çantasından isə 1 ədəd "Samsung S9 64GB" markalı mobil telefon aşkar olunub.

L. Yaqubova ilkin izahatında mobil telefonların həyat yoldaşı Nurlana məxsus olduğunu, gömrük nəzarətindən bu üsulla keçməyi də onun planlaşdırdığını bildirib. Faktla bağlı araşdirma aparılır.

Hər iki şəxs Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham edilir.


Müəllif: Hacı Zeynalov