Daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə, alqı-satqısına qarşı mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Xaçmaz rayon polis şöbəsinin əməkdaşlarının əldə edilmiş məlumat əsasında Ləcət kəndinin ərazisində yerləşən meşəlik ərazidə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Tahirov tərəfindən kultivasiya yolu ilə yetişdirilmiş 1330 ədəd çətənə kolu, habelə ona məxsus çadırdan qurudulmuş marixuana, 2 ədəd nömrəsi silinmiş tüfəng, 1 ədəd pnevmatik tapança, 2 ədəd patron darağı və 8 ədəd rezin güllə aşkar edilərək götürülüb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, çətənə kollarını cari ilin may ayında əkdiyini bildirib.
Faktla bağlı araşdırmalar aparılır.