Azərbaycanda zorlama və qətldə ittiham olunan Beyləqan rayon sakini, 1990-cı il təvəllüdlü Rövşən Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Rövşən Nəsirov 2017-ci ilin təxminən sentyabr ayında Beyləqan şəhər sakini kimi tanıdığı 1998-ci il təvəllüdlü Səlim Məmmədovun (ad və soyad şərti verilib – red.) yaşadığı Beyləqan şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən fərdi yaşayış evinin ona məxsus olan yataq otağında ona qarşı seksual xarakterli hərəkətlər edib.
Aldadıb intim əlaqədə oldu
O, Səlim Məmmədovun anlaqsız vəziyyətdə olmasından istifadə edib. Əqli cəhətdən zəif olan Səlim Məmmədov onun təklifinə etiraz bildirməyib.
Rövşən 10 manat pul vermək vədi ilə onu ələ alaraq, qeyri-təbii yolla cinsi əlaqədə olub.
Bundan sonra təxminən 2017-ci ilin oktyabrın əvvəllərində Beyləqan rayon Mərkəzi stadionun sanitar qovşağında Səlim Məmmədova 5 manat pul vermək vədi ilə ələ alaraq, yenidən ona qarşı seksual xarakterli hərəkətlər edib.
Rövşən Nəsirov həmin ilin oktyabr ayında arvadı Əfsanə Nəsirovanın uşağını da götürərək atası evinə getməsi ilə əlaqədar öz evində tək yaşadığı müddətdə ailəsinin dağılmasından hiddətlənib. O bu səbəbi bəhanə edərək hər hansı bir şəxsi öldürmək barədə düşünüb.
Çarpayıda qətl
Rövşən Nəsirov oktyabrın 19-da əvvəllər uşaqbazlıq hərəkəti edərək iki dəfə qeyri-təbii və oral yolla cinsi əlaqədə olduğu Səlim Məmmədovu Beyləqan şəhər bazarının qarşısında təsadüfən görüb. O, əslində heç bir səbəb olmadan hər hansı şəxsi öldürmək niyyətini həyata keçirmək qərarına gəlib.
Bu məqsədilə Səlim Məmmədovu yenidən cinsi əlaqədə olmaq təklifi ilə aldadıb, öz yaşadığı evə gətirib.
Evə daxil olan Səlim Məmmədov çarpayının üzərinə uzanıb. Bundan istifadə edən Rövşən Nəsirov üzərində olan bıçaqla Səlim Məmmədovun boyun nahiyəsinə hər iki istiqamətdən xəsarət yetirib.
Daha sonra o, Səlim Məmmədovun bədəninin müxtəlif nahiyələrinə ümumilikdə 43 zərbə endirib. Səlim Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Bundan başqa, Rövşən Nəsirov əvvəllər bir neçə dəfə pul müqabilində cinsi münasibətdə olması səbəbindən tanıdığı Beyləqan şəhər sakini Səmayə Səmədovanın (ad və soyad şərti verilib – red.) müxtəlif şəxslərlə mütəmadi cinsi əlaqəyə girib, fahişəlik etdiyini, buna görə də evində pul və qızıl-zinət əşyalarının olmasını güman edib.
Əxlaqsızlıq edən qadına qarşı plan
O, həmin əmlakı zorakılıqla ələ keçirmək və sonuncunu quldurluq niyyət ilə öldürmək qərarına gəlib.
Bu məqsədlə 2018-ci il aprelin 2-də saat 22 radələrində yaşadığı evdən bıçaq götürərək Səmayə Səmədovanın Beyləqan şəhəri, Nizami Gəncəvi küçəsindəki evinə gəlib.
O, Səmayə ilə intim münasibətdə olmağa gəldiyini bildirib və onun yaşadığı evə girib. Qadının həyətdəki tualetə getməsindən istifadə edərək özü ilə gətirdiyi bıçağı otağın döşəməsi üzərində olan döşəyin altına qoyub.
Səmayə həyətdən qayıtdıqdan sonra otaqda qurşaqdan aşağı soyunaraq döşəyə uzanıb. Rövşən planlaşdırdığı cinayəti həyata keçirmək məqsədi ilə onun üzü aşağı çevrilməsini istəyib.
Qadın onun dediyini etdikdə Rövşən Nəsirov döşəyin altına qoyduğu bıçağı götürüb və onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub.
Səmayə Səmədova geri çönərək Rövşən Nəsirova müqavimət göstərməyə çalışıb.
Amma o, Səmayə Səmədovanın üstündə oturub, ona bıçaq zərbələrini endirməyə davam edib. Daha sonra qadının boyun nahiyəsini kəsərək, onu öldürüb. Cinayəti törədəndən sonra evin otaqlarını axtarıb, heç nə tapmadığından qadını qətlə yetirdiyi otağa qayıdıb.
Boyunbağını və 30 manat pulu da götürdü
Burada Rövşən Nəsirov qadının boynunda olan mis ərintidən hazırlanmış qiymətsiz boyunbağını dartaraq qoparıb, həmin vaxt otaqda olan ütü masasının üzərində olan 30 manat pulu da götürüb.
Daha sonra evin giriş darvazası üzərində olan açarla qapını çöldən bağlayıb, həyətin qapısından çıxaraq əlində olan evin açarını yaxınlıqdakı su arxına atıb, sonra evlərinə gedib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları apardığı araşdırma zamanı hər iki qətlin üstünü 2018-ci il aprelin 5-də aça biliblər. Həmin gün Rövşən Nəsirov tutularaq istintaqa təhvil verilib.
7 maddəli cinayət işi
Rövşən Nəsirov barəsində Cinayət Məcəlləsinin 150.2.5-ci (təkrar seksual xarakterli zorakılıq hərəkətləri etmək), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 120.2.10-cu (təkrar adam öldürmə), 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.
Rövşən Nəsirovun barəsində toplanan cinayət işi üzrə material baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Mehdixan Abdullayevin sədrliyi ilə baş tutan iclasda cinayət işi araşdırılıb. Rövşən Nəsirovun əməli tam sübuta yetirilib. Məhkəmə onun barəsində ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edib.
Hökmdən narazı qalan Rövşən Nəsirov apelyasiya şikayəti verib. Rövşən Nəsirov Cinayət Məcəlləsinin 150.2.5-ci maddəsi ilə ona bəraət verilməsini istəyib. Digər maddələrlə ittiham olunaraq barəsində müəyyən müddətə cəza təyin olunmasını xahiş edib.
Şikayət Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Kamil Bəşirovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Rövşən Nəsirovun şikayəti təmin olunmayıb.