Azərbaycanda vəkil Məmməd Yaqubovun barəsində cinayət işi başlanılıb.
Teleqraf.com xəbər verir ki, vəkil Məmməd Yaqubovun barəsində Cinayət Məcəlləsinin 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddəsi ilə ittiham irəli sürülüb.
Məmməd Yaqubov Zaqatala rayon Məhkəməsinin hakimi Arif İsmayılov və məsləhətçisi Şahid Allahverdiyevin cinayət işində təqsirli bilinir.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Arif İsmayılova Cinayət Məcəlləsinin 311.1 (rüşvət alma), Şahid Allahverdiyevə isə 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Rəsmi məlumata əsasən, həmin şəxslər məhkəmənin icraatında olan mülki iş üzrə tərəflə qeyri-prosessual münasibətlər yaradaraq rüşvət tələb ediblər.
Xatırladaq ki, Arif İsmayılov və Şahid Allahverdiyevin cinayət işi üzrə ibtidai istinaq yekunlaşdırılaraq, Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərlib. Cinayət işi hakim Nahid Mirzəyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Məmməd Yaqubovun barəsində olan cinayət işi də baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Qeyd edək ki, Vəkillər Kollegiyasının üzvü olan Məmməd Yaqubov fərdi vəkil kimi fəaliyyət göstərib. O, 32 il vəkilliklə məşğul olub.