Dələduzluqda təqsirli bilinən Ağcabədi rayon İcra Hakimiyyətinin sabiq başçısı Münsif Səfərovun barəsində olan hökmdən verilən şikayətə baxılıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Elmar Rəhimovun sədrliyi ilə baş tutan prosesdə qərar elan olunub.
Qərara görə, Münsif Səfərovun barəsində bəraət hökmünün çıxarılması barədə verdiyi şikayət təmin olunmayıb.
Bundan başqa, iş üzrə zərərçəkmişin təqsirləndirilən şəxsin cəzalarının ağırlaşdırılması barədə verdiyi şikayət də təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rüstəm Bayramovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.
Ona şərti cəza verilib və məhkəmə zalında azadlığa buraxılıb.
Məhkəmənin çağırışlarına gəlmədiyi üçün axtarışa verilmiş Münsif Səfərovla bağlı hökm elan edilməyib. Onunla bağlı seçilmiş həbsli axtarış qərarı qüvvədə saxlanılıb və barəsində cinayət işi ayrıca icraata götürülüb.
Barəsində axtarış qərarı çıxarılmış Münsif Səfərovun cinayət işi isə ayrıca icraata ayrılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsi sonradan həbs edilən Münsif Səfərovun barəsində şərti cəza təyin edib. O, məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, təqsirləndirilən şəxslər Fərabi Mənsur adlı şəxsin evini dələduzluq yolu ilə ələ keçirərək bankdan küllü miqdarda pul götürüblər.
Fərabi Mənsura 60 min manat ziyan vurulub.
Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Rüstəm Bayramov barəsində həbs qətimkan tədbiri seçilsə də, Münsif Səfərov haqqında başqa yerə getməmə haqqında iltizam qətimkan tədbiri seçilib.
Münsif Səfərov 1992-ci ildə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.