Bakıda qəza törədib, hadisə yerindən qaçan sürücülər - Rauf Dadaşov və Hüseyn Məmmədovun cinaytət işi üzrə ibtidai istintaqı yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, iş baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Tərlan Əkbərovun icraatına verilib.
Məhkəmənin hazırlıq iclası avqustun 2-nə təyin olunub.
Cinayət işində 22 nəfər zərərçəkmiş var.
Qeyd edək ki, bu il aprelin 27-də Bakı şəhəri Xəzər rayonu ərazisində 1988-ci il təvəllüdlü Rauf Dadaşovun idarə etdiyi “Man” markalı 90-JK-826 dövlət nömrə nişanlı yük avtomobilinin 1969-cu il təvəllüdlü Hüseyn Məmmədovun idarə etdiyi “Daevo” markalı 10-TG-909 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə toqquşması nəticəsində 21 nəfər şəxsin zərər çəkməsi və Rauf Dadaşovun hadisə yerindən qaçması faktına görə rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 263.1-1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
Aparılmış istintaqla hadisənin Rauf Dadaşov və Hüseyn Məmmədov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə, eləcə də Raif Dadaşovun yol-nəqliyyat hadisəsi yerindən qaçmasına əsaslı şübhələr müəyyən edilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində Rauf Dadaşov və Hüseyn Məmmədov aprelin 28-də şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edilməklə dindirilib.
Hadisə zamanı xəsarət alan şəxslərin xəstəxanalara yerləşdirilməsi təmin olunub, daha sonra ilkin tibbi yardım göstərilərək evə buraxılıb.