31 İyul 2019 16:35
505
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Korrupsiya cinayətlərinə qarşı mübarizənin tam yeni müstəviyə qaldırılması prokurorluq orqanlarının qarşısında duran ən əsas vəzifələrdən biridir. Prezident cənab İlham Əliyevin siyasi iradə, əzm və qətiyyəti hesabına reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq ötən dövrlərdə olduğu kimi 2019-cu ilin birinci yarısında da korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri uğurla davam etdirilib".

Teleqraf.com xəbər verir ki, bu barədə baş prokuror Zakir Qaralov 2019-cu ilin birinci yarımilində “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və bölgə müşavirələrində aparılmış müzakirələrin nəticələrinə həsr olunmuş geniş əməliyyat müşavirəsində deyib.

Bildirib ki, korrupsiya hallarına qarşı mübarizə işinin düzgün təşkilində 161 saylı „Qaynar xətt“ əlaqə mərkəzinin əhəmiyyəti qeyd olunmuşdur. Baş idarə tərəfindən vətəndaşları ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının yayıldığı idarəçilik və xidmət sahələrinin aşkar edilməsi, təqsirli şəxslərin ifşa edilməsi, korrupsiya hüquqpozmalarından əziyyət çəkən vətəndaşların hüquqlarının bərpa edilməsi məqsədi ilə vətəndaşlardan “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciətlər üzrə təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilib.

Belə ki, mərkəzə hesabat dövründə 1986 müraciət daxil olub, həmin müraciətlərin 9-u üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, eləcə də digər müraciətlər üzrə qanunvericiliyə müvafiq tədbirlərin görülməsi təmin edilib.

Rüşvətlə bağlı, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə, qulluq mövqeyindən istifadə etməklə dələduzluq, vəzifə saxtakarlığı və sair faktlar üzrə 316 şəxs barəsində 187 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə vurulmuş 45 milyon 568 min manat ziyandan istintaq müddətində 14 milyon 997 min manatın ödətdirilməsi təmin olunmuş, qalan ziyanın ödətdirilməsi məqsədi ilə qanunla nəzərdə tutulmuş tədbirlər görülüb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər