Bakıda yol polisini öldürməyə cəhd etməkdə təqsirləndirilən Elman Sadıxov və Elçin İbrahimov barələrində olan hökmdən apelyasiya şikayəti veriblər.
Teleqraf.com xəbər verir ki, onlar barələrində olan hökmün yüngülləşdirilməsini xahiş ediblər.
Hər iki şəxsin şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Şikayət araşdırılması üçün hakim Rizvan Səfərovun icraatına verilib.
Məhkəmənin ilkin baxış iclası sentyabrın 4-nə təyin olunub.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elçin İbrahimov 17 il, Elman Sadıxov isə 15 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il iyunun 14-də Maştağa qəsəbəsində baş verib.
Təqsirləndirilən şəxslər Dövlət Yol Polisi əməkdaşı Babək Qəmbərovu xidmət başında olan zaman bıçaqlayıb.
Elman Sadıxovla Elçin İbrahimov avtomobillə yol hərəkəti qaydasını pozduğu üçün polis əməkdaşı sürücünü saxlamaq istəyib.
Sürücü yol polisinin tələbinə əməl etməyib.
Qəzəbli sürücü əvvəlcə maşını ilə DYP avtomobilinə bir neçə dəfə vurub.
Hər iki avtomobil dayanandan sonra isə onlar Babək Qəmbərovun ayaq nahiyəsindən bıçaq zərbəsi endiriblər.
Həmin şəxslər daha bir zərbəni isə yerə yıxılan polis əməkdaşının baş nahiyəsindən vurublar.
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan polis əməkdaşının həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 29,120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə), 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan edilib.