Rüşvət və dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və işçi Azər Əliyev barələrində olan məhkəmə hökmdən apelyasiya şikayəti veriblər.
Teleqraf.com xəbər verir ki, onların barələrində olan şikayət araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Təqsirləndirilən şəxslər barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Şikayət araşdırılması üçün hakim Əmir Bayramovun icraatına verilib.
İlkin baxış iclası sentyabrın 19-na təyin olunub.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aləmzar Əliyeva 9 il, Tərlan Bağırova isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Ev dustaqlığında olan Azər Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib və barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib. O, məhkəmə zalında həbs edilib.
İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən) və 178.2.1, 178.2.2-ci (dələduzluq) maddələri ilə ittiham elan edilib.
İttihama görə, Tərlan Bağırova və müdir müavini Aləmzar Əliyeva zərərçəkmişlərdən “Şamaxinka” adlanan ərazidə yeni açılacaq uşaq bağçasına işə qəbul ediləcəklərinə dair söz verərək pul alıblar.
Tərlan Bağırova və Aləmzar Əliyeva işə düzəldəcəyi qadınlara iki gündən sonra səliqəli geyimdə bağçanın açılışına gəlmələrini deyib. Bir neçə qadın da deyilən vaxtda həmin ünvana gəlib.
Lakin məlum olub ki, uşaq bağçası kimi təmir edilən obyektdə şəkillər və reklam lövhələri sökülüb.
Daha sonra zərərçəkmişlər hüquq-mühafizə orqanlarına şikayət edib.
Cinayət işində 19 zərərçəkmiş var.
Aləmzar Əliyeva həbs edilməmişdən əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tovuz rayon şöbəsində işləyib.