14 Sentyabr 2019 11:54
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi ötən gün Tovuz rayonunda sabiq məhkəmə sədrinin qətli ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, sentyabrın 13-də saat 9 radələrində Tovuz şəhəri ərazisində Qədirli kənd sakini, əvvəllər məhkum olunmuş Firuddin Ələkbərlinin işlədiyi ofisə gəlmiş Yanıqlı kənd sakini Əli Şəmiyev münaqişə zəminində odlu silahdan açdığı atəşlə ona xəsarət yetirib.

Ə.Şəmiyev könüllü olaraq Tovuz Rayon Polis Şöbəsinə gələrək istintaqa təslim olmuş, cinayəti törədərkən istifadə etdiyi “Makarov” markalı tapançanı və 16 ədəd patronu təhvil verib.

Xəstəxanaya yerləşdirilmiş F.Ələkbərli orada ölüb.

Faktla əlaqədar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (Qəsdən adam öldürmə) və 228-ci (Qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Qeyd edək ki, Ə.Şəmiyev rayonda tanınmış iş adamıdır. Onun rayon ərazisində restoran, otel və bir neçə biznes obyektlərinin olduğu bildirilir.

F.Ələkbərli isə Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədri olub. O, 1995-ci ildə fəaliyyətində qanunun kobudcasına pozulmasına görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər