Ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla birlikdə məhkum olunan həmin idarənin şöbə rəisi olmuş Orxan Osmanov azadlığa çıxıb.
Teleqraf.com xəbər verir ki, ona təyin olunmuş cəza müddəti başa çatıb və cəza çəkmə yerindən azad edilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il müddətinə azadlıqdan məhrum edilib.
Akif Əliyev isə bir müddət əvvəl Ali Məhkəmənin qərarı ilə həbsdən azad edilib.
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov və keçmiş şöbə rəisi Orxan Osmanov ağır cinayətlər törətməkdə ittiham olunublar.
Məhkəmə Akif Çovdarov və digərlərinin rütbəsinin alınması barədə xüsusi qərardad çıxarıb. Həmçinin Akif Çovdarov və digərlərinə məxsus, üzərinə həbs qoyulmuş əmlakların müsadirə olunması barədə qərar qəbul edilib.
Dövlət Təhlükəsizlik Xidmətinin 3 milyon manatlıq mülki iddiası, eləcə də cinayət işi üzrə tanınmış 60 nəfər zərərçəkmişin mülki iddiası təmin olunub. Məhkəmənin daha bir qərarı ilə 8-ci kilometr bazarı kimi tanınan ticarət müəssisəsi dövlət nəfinə müsadirə olunacaq.
Karvansaray epizodu üzrə iş adamı Qədir Ədilova qarşı cinayətin törədilməsi sübuta yetirilməyib. Həmin epizodlar üzrə cinayət işinə xitam verilib.
Akif Çovdarovun ailə üzvlərinin qaldığı evlər və onların adlarına olan mülklər müsadirə olunmayıb, həmin mülklərin üzərinə qoyulan həbs götürülüb.
Səlim Məmmədovun da ailə üzlərinin yaşadıqları evlərin üzərindən həbs götürülüb, təqaüd kartına qoyulmuş həbs qərarı ləğv edilib. İş üzrə 16 nəfər mənəvi zərərçəkmişin, eləcə də cinayət işində zərərçəkmiş qismində tanınan "Metropolitenin"nin sabiq rəsi və Yeni Azərbaycan Partiyasının Yasamal rayon şöbəsinin rəisi Tağı Əhmədovun 3 milyon manatlıq mülki iddiası da təmin edilməyib.
Hökmə əsasən Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova qarşı istintaq orqanı tərəfindən ittiham irəli sürülən Cinayət Məcəlləsinin 181.3.1-ci (quldurluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 181.3.2-ci (quldurluq; külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ittihamdan xaric edilib.
Hökmdə həmin maddələr üzrə Akif Çovdarov və digər şəxslərə həmin maddələr üzrə bəraət verilməsi və yaxud cinayət işinə xitam verilməsi qeyd edilməyib.
Sadəcə, hökm elan olunan zaman bu maddələr üzrə cəza təyin edilməyib.
Akif Çovdarov və onunla birlikdə mühakimə olunanlar Bakı Hərbi Məhkəməsinin hökmündən apelyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Bundan başqa, Akif Çovdarovun ailə üzvləri və cinayət işi üzrə zərərçəkmişlər də apelyasiya şikayəti veriblər.
Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə tərəflərin apelyasiya şikayətləri təmin edilməyib, Bakı Hərbi Məhkəməsinin hökmü qüvvədə saxlanılıb.
Akif Çovdarovun işinə Ali Məhkəmədə hazırda baxılır.
Bu gün keçirilən qapalı keçirilən prosesdə bildirilib ki, Akif Çovdarovun ailə üzvləri yeni müdafiəçi - vəkil Nəriman Əliyevlə müqavilə bağlayıb.
Vəkil cinayət işinin materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Buna görə də proses noyabrın 28-nə keçirilib.
Cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox zərərçəkmiş var.