Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudova hökm oxunub.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə Vüqar Mahmudovun barəsində 2 il cəza təyin edilib.
O, ibtidai istintaq və məhkəmə istintaqı dövründə həbsdə olduğu üçün cəzası başa çatmış hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Hökmdə həmçinin qeyd edilib ki, Vüqar Mahmudova məxsus əmlaklar müadirə olunub.
Zərərçəkmişlərin mülki iddiası təmin olunmayib.
Qeyd edək ki, Vüqar Mahmudovun adına Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsi, 101-də yerləşən ev, Səbail rayonu, Salyan şosesi, 32 saylı ünvanda 12 sot torpaq sahəsi, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, ev 730də 83 saylı mənzil, Nərimanov rayonu, M.Əlizadə küçəsi, 917-ci məhəllədə yerləşən 46 saylı mənzil, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nəsimi küçəsində yerləşən 12 kvadrat metr sahəli 1 otaqlı fərdi yaşayış evi, Abşeron rayonu Məhəmmədi kəndi ərazisində 0.8940 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var.
Bundan başqa, Vüqar Mahmudovun həyat yoldaşı Nuranə Mahmudovanın adına Səbail rayonu, Xəqani küçəsi, 2 saylı ünvanda 50,5 kvadrat metr qeyri-yaşayış sahəsi, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 213 saylı ünvanda yerləşən 47,3 kvadrat metr qeyri-yaşayış sahəsi, Nəsimi rayonu, Bülbül prospekti, 25 saylı ünvanda yerləşən 191,8 kvadrat metr qeyri-yaşayış sahəsi, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nəsimi küçəsində yerləşən 12 kvadrat metr 1 otaqlı yaşayış evi qeydiyyata alınıb.
Vüqar Mahmudova məxsus Səbail rayonu, Xəqani küçəsi, 2, Mərdanov qardaşları, 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 757.000 manat, Səbail rayonu, Salyan şosesi, 32 ünvanında yerləşən torpaq sahəsinin bazar dəyəri 168.000 manat, Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi, 213 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 615.000 manat, Nərimanov rayonu, M.Əlizadə küçəsi, 917-ci məhəllə ünvanında yerləşən 46 nömrəli mənzilin bazar dəyəri 238.000 manat, Nəsimi rayonu, Bülbül prospekti, 25 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin bazar dəyəri 2.300.000 manat, Binəqədi rayonu, Xocəsən qəsəbəsi, Yeni yol küçəsi, 101 ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 157.000 manat, Xəzər rayonu, Buzovna qəsəbəsi, Nəsimi küçəsi ünvanında yerləşən fərdi yaşayış evinin bazar dəyəri 4.800 manat, Yasamal rayonu, Həsənbəy Zərdabi küçəsi 73 ünvanında yerləşən 83 nömrəli mənzilin bazar dəyəri 60.000 manat, Abşeron rayonu, Məhəmmədi kəndində yerləşən 0.894 hektar torpaq sahəsinin bazar dəyəri 118.000 manat təşkil edib.
Vüqar Mahmudov və onun həyat yoldaşı Nuranə Mahmudovanın “Kapitalbank”, “Azərbaycan Beynəlxalq Bank”, “Azərtürkbank”, “Nikoyıl İnvestisiya kommersiya bankı”, “AGbank”, “Bank BTB”, “Bank VTB Azərbaycan”da olan bank hesabları üzə çıxıb.
Nuranə Mahmudovanın adına rəsmiləşdirilmiş “Kapitalbank” ASC-nin Sabunçu filialındakı hesabda 153.000 manata bərabər 90.000 ABŞ dolları, 8.400,95 manat, 1.025.843,26 manata bərabər 603.437,21 ABŞ dolları, Vüqar Mahmudovun adına rəsmiləşdirilmiş həmin filialda yerləşən bank hesabından 64.260 manata bərabər 37.800 ABŞ dolları, 63.237,74 manata bərabər 37.196,48 ABŞ dolları, “Azərbaycan Beynəlxalq Bank”nın mərkəzi filialında yerləşən hesabında 39.650,72 ABŞ dolları, 63,94 manat, Sabunçu filialında yerləşən hesabda 71,82 manat aşkar olunub.
Həm Vüqar Mahmudovun, həm də Nuranə Mahmudovanın qeyd olunan bütün bank hesablarına həbs qoyulub.
***
13:37
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.
Prokuror Vüqar Mahmudovun 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
İttihama görə, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş polkovnik-leytenant Vüqar Mahmudov həmin nazirliyin vəzifəli şəxsləri barəsində Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Vüqar Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 313-cü (vəzifə saxtakarlığı) və 341.2.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan olunub.
Vüqar Mahmudovun barəsində 2017-ci ilin noyabrın da həbs edilib.
Cinayət işi üzrə 7 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.
Bunlar iş adamları - Sahib Qurbanov, Elşən Tağıyev, Maqsud Mahmudov, Tural İsgəndərli, Zaur Əzimov, Bakı metropolitenini sabiq rəisi Tağı Əhmədov, onun oğlu Şövqü Əhmədovdur.
Vüqar Mahmudov Eldar Mahmudovun əmisi oğludur.
Zaur Əzimov ümumilikdə 320 min, Sahib Qurbanov isə 100 min manat məbləğində mülki iddianı məhkəməyə təqdim ediblər.