28 Noyabr 2019 14:52
1 369
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonunda ad günü məclisində qanlı cinayət törətməkdə təqsirli bilinən Məhəmmədəli Abdullayevin məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Məhəmmədəli Abdullayev Kürdəmir rayonu, Topalhəsənli kəndində qaynı Bayram Osmanovun evində keçirilən ad günü məclisində yeyib içdikdən sonra masaya bir daha spirtli içkinin gətirilməsini tələb edib.

Ona spirtli içkilərin qurtardığı deyildikdə bunu özünə qarşı təhqir kimi qəbul edib. Heç bir əsaslı səbəb olmadan sərxoş vəziyyətdə ov tüfəngini götürüb və küçəyə çıxıb.

Məhəmmədəli Abdullayev havaya atəş açdıqdan sonra Bayram Osmanovun yaşadığı həyət evinin giriş qapısına yaxınlaşıb. Darvazanın arxasında, həyətdə dayanmış həmkəndlisi Seymur Dəmirov onun həyətə daxil olmasına mane olmaq məqsədilə giriş qapını bağlayıb.

O, Seymur Dəmirovun həyətdən səsi gələn istiqamətdə tüfəngdən atəş açıb, sonra isə özü ilə götürdüyü patronları tüfəngin lüləsinə yerləşdirib, uca səslə giriş qapısının açılmasını nalayiq ifadələrlə tələb edib.

Bu tələbi yerinə yetirilmədikdə “hamınızı vurub öldürəcəyəm, nəslinizi kəsəcəyəm” deyərək tüfəngi işə salıb. Bayram Osmanova məxsus evə o, 21 atəş açıb.

Bu vaxt Natiq və Raqif Dəmirov qardaşları həyətdə çoxsaylı adamlarolduğunu bildirərək ona yalvarmaqla atəşi dayandırmasını xahiş ediblər. Buna baxmayaraq, Məhəmmədəli Abdullayev atəş açmaqda davam edib. Hadisə zamanı Natiq Dəmirov və Raqif Dəmirov xəsarət alıblar.

Həyətdə olan Seymur Dəmirov bir daha atəş açmaması xahişi ilə araq almaq üçün 5 manat pulu darvazanın alt hissəsindən ona ötürüb.

Bu hərəkətləri küçədən izləyən Kamil Rasulov Məhəmmədəli Abdullayevi sakitləşdirməklə evinə aparıb.

Hadisə yerinə gələn polis əməkdaşlarının köməyi ilə zərər çəkmiş şəxslər Kürdəmir rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Onlara vaxtında ixtisaslı tibbi yardım göstərilərək həyatları xilas edilib.

İstintaq orqanı tərəfindən Məhəmmədəli Abdullayevin barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd), 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Məhəmmədəli Abdullayev elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2013-cü ildə oğlu vəfat edəndən sonra həyatdan bezib və intihar etmək istəyib. Qeyd edib ki, həmin vaxt intihara cəhd etsə də, kəndir qırıldığından intiharı baş tutmayıb.

O, daha sonra ifadəsində ad günü məclisində baş verən olaydan danışıb. Araq üstündə yaranan mübahisə zəminində dava düşdüyünü, dava zamanı ünvanına söyüş söyüldüyünü qeyd edən təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra silaha əl atmalı olub. O, evinə getdiyini, evdə saxladığı ov tüfəngi götürərək geri qayıtdığını və bütün bunların içkinin təsiri altında olduğunu söyləyib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhəmmədəli Abdullayev 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Məhəmmədəli Abdullayev apelyasiya şikayəti verib. O, Cinayət Məcəlləsinin 29,120.2.2, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə özünə bəraət istəyib, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə isə aşağı həddə cəza təyin edilməsini, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi üzrə cəzasının şərti tətbiq edilməsini xahiş edib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Məhəmmədəli Abdullayevin şikayəti təmin olunmayıb. Bu qərarla razılaşmayan Məhəmmədəli Abdullayev kasasiya şikayəti verib.

Onun şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Gülzar Rzayevanın sədrliyi ilə baş tutan iclasda kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Məhəmmədəli Abdullayevin kasasiya şikayəti də təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov