9 Dekabr 2019 11:55
2 259
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1978-ci il təvəllüdlü Ramin Cəbrayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Ramin Cəbrayılov Asif Xəlilova müxtəlif vaxtlarda hissə-hissə olmaqla ümumilikdə 2000 manat məbləğində borca pul verib.

Asif həmin məbləğdə pulu qaytarnaqdan imtina edib. Bu səbəbdən Ramin qısas almaq məqsədilə onu öldürmək qərarına gəlib. Bu məqsədlə o, evdən mətbəx bıçağını götürərək Asif Xəlilovun Sumqayıt şəhəri, Corat qəsəbəsimdəki evinə gəlib. Növbəti dəfə ondan borc verdiyi pulu tələb edib. Amma Asif Xəlilov borcunu qaytarmaqdan qəti imtina edib, Ramin Cəbrayılovdan borc olaraq əlavə 1000 manat tələb edib.

Asif Xəlilovun bu hərəkətindən qəzəblənən Ramin Cəbrayılov onunla mübahisə edib və Asif Xəlilova 19 bıçaq zərbəsi vurub. Asif Xəlilov aldığı xəsarətdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Ramin Cəbrayılovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilən Ramin Cəbrayılov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Novxanı çimərliyindəki “Narın qala” ailəvi istirahət mərkəzindəki yeməkxanada işləyib: “2015-ci ilin noyabrın axırında qonşuluğumuzda yaşayan Asif Xəlilov Rusiyanın paytaxtı Moskva şəhərinə getmişdi. Asif Moskvaya gedərkən məndən 700 manat borc istədi. Moskvaya getdikdən bir müddət sonra 600 manat, 10-12 gün sonra təkrarən 400 manat, sonra da təxminən 300-400 manat pul istədi. Mən də Asifin xahişlərini yerini yetirdim. Asifə hər dəfə pul göndərəndə anasına və ya qardaşı Rasimə bu barədə bildirmişəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Asif Rusiyadan qayıtdıqdan sonra onların evinə gəlib: “Dəniz kənarında söhbət edərkən Asifdən borc verdiyim pulları istədim. Asif pulların bankda kartda olduğunu və pulu bankomatdan çıxaracağını dedi. Bir neçə gün sonra mənə zəng etdi, sonra iş yerimə əmisi oğlu Nicatla gəldi, məndən on dörd manat borc istədi. Restoranda işləyən ofisiant Hüseyndən beş manat və müdir Məlikdən on manat aldım. Həmin pulu Asifə verdim.

İşdən sonra onun yaşadığı ünvana gedərək pullarını istədim. Asif Nicat və atasının evdə olmadığını, Masazıra getdiklərini bildirdi. Asifdən onların telefon nömrəsini istədim. Asif nömrəni vermədi. Borcumu almayıb evə qayıtdım”.

Ramin Cəbrayılov qeyd edib ki, ertəsi gün Asif zəng edərək onunla işi olduğunu deyib: “Asifin pulu qaytaracığını güman etdim. Onun yaşadığı evə gedərək, qapılarının qarşısında görüşdüm. Məni nə üçün çağırdığını soruşdum. Asif məhkəmədən yayınmaq üçün ölkədən getmək istədiyini bildirdi, pulumu vermək əvəzinə təkrar məndən min manat istədi. Ona pulum olmadığını bildirdim, verdiyim pulları təkrar istədim”.

Təqsirləndirilən şəxs bildirib ki, Asifdən ayrılaraq birbaşa yaşadığı evə qayıdib: “Evdə saat yarım yatdım. Ayıldıqda telefona baxdım. Asifin qardaşı Rasimin telefonu ilə mənə çoxsaylı zənglər etdiyini gördükdə onun evinə getdim.

Asif ucadan danışaraq məni qıcıqlandırdı. Sonra yavaşca dedi ki, qardaşım Rasim soruşsa, de ki, sənə min manat borc vermişəm, onu istəyirəm. Sonra evə keçərək çay içmək istədi. Evdə Asif mənə “get mənim üçün min manat pul tap” deyə bildirdi. Yenə də dedi ki, onu axtarırlar.

Asifə israrla pulum olmadığını desəm də, məndən əl çəkmədi. Onun sərxoş olduğunu və ya narkotikin təsiri altına düşdüyünü düşündüm. Kimdənsə pul almağa imkanım olmadığını dəfələrlə ona bildirsəm də, dediyini təkrarladı. Asifə hələ borclarını qaytarmadığını xatırlatdım. Asif isə məni təhqiredici sözlərlə söyərək borclarını tam olaraq qaytaracağına vəd etdi”.

Ramin Cəbrayılovun sözlərinə görə, pulu olmadığını deməyinə baxmayaraq Asifin ondan pul tələblərinin davam etməsindən qıcıqlanıb: “Bu səbəbdən üstümdə olan mətbəx bıçağını çıxartdım, ardıcıl olaraq çoxsaylı zərbələr vurdum ki, Asif birdəfəlik səsini kəssin. Hadisədən sonra əvvəlcə öz evimə getdim, əynimdə olan cins şalvarda qan ləkəsi olduğunu gördüm, paltarımı dəyişdim. Uşaqlarımla görüşərək, bacımın əri Elnura və dayım Ağabalaya hadisə barədə danışdım, məni polis idarəsinə aparmalarını xahiş etdim. Sumqayıt şəhər Polis İdarəsinə getdik, növbətçiyə hadisə barədə məlumat verdim”.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramin Cəbrayılov 18 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ramin Cəbrayılov apelyasiya şikayəti verib.

Ramin Cəbrayılov əməlini Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin olunmasını istəyib.

Ramin Cəbrayılovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Nazim Mövsümovun sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb.

Ramin Cəbrayılovun şikayəti qismən təmin edilib, onun cəzası 17 ilə endirilib.


Müəllif: Hacı Zeynalov