15 Dekabr 2019 19:33
254

Tehranın Evin Həbsxanasında üç ildən artıq həbs müddətini keçirdikdən sonra Cənubi Xorasan vilayətinə sürgünə göndərilən türk fəal Siyamək Mirzayiyə qarşı yeni həbs hökmü çıxarılıb.

Teleqraf.com xəbər verir ki, İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, Tehran İnqilab Məhkəməsi siyasi fəalı bir il həbsə məhkum edib. Məhkəmə onu “rejimə qarşı təbliğat fəaliyyəti” göstərməkdə günahlandırıb.

Agentliyin bildirdiyinə görə, “Siyamək Mirzayinin məhkəmə iclası dekabr ayının 2-də keçirilib. Müttəhimin Cənubi Xorasanın qain şəhərində sürgündə yaşadığı üçün məhkəmə qiyabi olaraq təşkil olunub.”

Amerikanın Səsi Tehran İnqilab Məhkəməsinin 26-cı şübəsi tərəfindən çıxarılan hökmün surətini əldə edib.

Sənəddə yazılanlara görə, türk fəala əlavə olaraq “2 il ölkə xaricinə çıxış yasağı, habelə ictimai-siyasi qruplara üzv olmaqdan məhrumiyyət cəzası çıxarılıb.”

Siyamək Mirzayi 2016-cı ilin iyun ayında İran Azərbaycanının Muğan bölgəsində təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınaraq Tehranın Evin həbsxanasına göndərildi. Məhkəmə tərəfindən 3 il həbsə məhkum olunan milli fəalın həbs müddəti keçən iyun ayının 28-də tamamlansa da, o, bir ay təxirlə sərbəst buraxıldı.

İyulun 28-də sərbəst buraxılan milli fəal hazırda Cənubi Xorasanın Qain şəhərində sürgündə yaşayır.

Mirzayini 2016-cı ildə məhkum edən məhkəmə onu “pantürkist” fəaliyyətlər göstərməkdə günahlandırmışdı.

“Müttəhim 2006-cı ildə Pantürkist mahiyyətli fəaliyyətlərini davam etməyəcəyinə dair söz versə də, bu növ fəaliyyətlərə davam edib,” türk fəala qarşı çıxarılan məhkəmə sənədində qeyd edilmişdi.

Amnesty International İran Azərbaycanı ilə bağlı yaydığı bəyanatlarında “pantürkizm” ittihamını “anlaşılmaz şəkildə yazılmış” bir ittiham kimi dəyərləndirir.

Siyamək Mirzayi 2015-ci ilin fevral ayında Amerikanın Səsi ilə müsahibədə İran İslam Respublikasının türk dili və mədəniyyətinə qarşı yürütdüyü siyasəti tənqid edib.


Müəllif: Teleqraf.com