Bakının Nizami rayonunda həyat yoldaşını öldürməkdə təqsirləndirilən 1965-ci il təvəllüdlü İlham Əkbərovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Rahib Salmanovun icraatına verilib.
Yaxın günlərdə bu iş üzrə məhkəmə prosesi başlanacaq.
İttihama görə, ötən il oktyabrın 9-da İlham Əkbərov Nizami rayonu ərazisində yerləşən mənzilində arvadı, 1983-cü il təvəllüdlü Cavahir Əkbərovanı öldürüb.
Qətli törədən İlham Əkbərov daha sonra qeydiyyatda olduğu Şəki rayonuna gedib.
Həmin gün rayon polis şöbəsinə gələn İlham Əkbərov arvadını öldürdüyünü etiraf edib. Şəki polisi əldə olunan məlumatı Nizami rayon Polis İdarəsinə ötürüb. Qeyd olunan ünvanda keçirilən baxış zamanı Cavahir Əkbərovanın meyiti oradan aşkarlanıb.
İstintaq araşdırması zamanı hadisənin qısqanclıq zəminində törədildiyi məlum olub.
Gecə saatlarında İlham Əkbərov metaldan olan idman aləti (qantel) ilə yatmış vəziyyətdə olan arvadı C.Əkbərovanın başına vurub. Qadın aldığı xəsarətdən elə hadisə yerindəcə keçinib.
İstintaq orqanı tərəfindən İlham Əkbərovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham elan edilib.