Biləsuvarda 16 kiloqramdan artıq narkotik vasitə və silah sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan Teleqraf.com-a verilən məlumata görə Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Arazbarı kəndi ərazisində 2 nəfər İran İslam Respublikası vətəndaşı - Rövşən Nusrəti və Rəsul Modiri saxlanılaraq rayon polis şöbəsinə gətiriliblər.
Onların əlində olan qara çantaya baxış keçirilərkən oradan 5 kiloqram 500 qram heroin, 5 kiloqram 300 qram tiryək, 5 kiloqram 600 qram psixatrop maddə olan metamfetamin, 1 ədəd “Makarov” tipli tapança, həmin silaha aid 6 ədəd patron, 1 ədəd qaz balonu və 1 ədəd ov bıçağı aşkar edilərək götürülüb.
Həmin şəxslərin bildirdiyinə görə narkotik vasitələri İran vətəndaşı olan “Əli” adlı şəxsin sifarişi ilə qaçaq yolla Azərbaycan Respublikasının ərazisinə gətiriblər.
Faktla bağlı araşdırma aparılır.