23 Yanvar 2020 13:02
937
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda səhlənkarlıqda təqsirləndirilən “Kids studio” uşaq bağçasının müdiri Nigar Müseyibova barəsində hökmdən verilmiş kasasiya şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Prokurorun kasasiya prosesi təmin edilməyib.

Yasamal rayon Məhkəməsinin hökmü ilə Nigar Müseyibovanın cinayət əməli sübuta yetirilməyib və məhkəmə onun barəsində bəraət hökmü çıxarıb.

Hökmdən narazı qalan prokuror apelyasiya protesti verib. Prokuror Nigar Müseyibovanın barəsində ittiham hökmünün çıxarılmasını istəyib. Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə prokurorun apelyasiya protesti təmin olunmayıb.

Qeyd edək ki, ötən ilin iyununun əvvəllərində Yasamal rayonunda yerləşən “Kids Studio" Uşaq Mərkəzinin bağçasında tərbiyəçi Firuzə Tağıyeva uşaqlara qarşı zorakılıq göstərib.

Bu barədə video-görüntülər sosial şəbəkədə yayılandan sonra Firuzə Tağıyeva barəsində cinayət işi başlanılıb.

Yasamal rayon Məhkəməsinin hökmü ilə Firuzə Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Ona 1 il sınaq müddəti təyin olunmaqla barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Daha sonra valideyinlərin şikayəti əsasında Nigar Müseyibova barəsində də cinayət işi başlanılıb.

İstintaq orqanı tərəfindən ona qarşı Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi üzrə 3 nəfər şəxs zərərçəkmiş qismində tanınıb


Müəllif: Hacı Zeynalov