29 Yanvar 2020 14:01
5 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi rayonunda işgəncə verməkdə təqsirli bilinən 1985-ci il təvəllüdlü Aydan Qasımova, onun qardaşları – 1987-ci il təvəllüdlü Ayxan Qasımov və 1991-ci il təvəllüdlü Fərid Qasımovun (ad və soyadlar şərtidir – red.) məhkəməsi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Aydan Qasımova qardaşları Ayxan və Fəridlə birlikdə sevgilsi Rafiq Əkbərova işgəncə verib, onun ləyaqətini alçaldan hərəkətlər edib.

Aydan Qasımova Hindarx qəsəbəsindəki evinin yataq otağında qeyri-rəsmi münasibətdə olduğu Rafiq Əkbərovla onun şəkillərini yayıb, haqqında danışaraq rüsvay etməsinə görə mübahisə edib.

Səs-küyə yataq otağına gələn Aydanın qardaşları - Ayxan və Fərid Qasımovlar Rafiq Əkbərovu cəzalandırmaq istəyiblər.

Ona hücum edib yumruqla vurublar. Daha sonra qaçmasına imkan verməmək üçün əllərini yaylıqla bağlayıb üçlükdə döyməyə başlayıblar. Rafiq Əkbərovu qolları bağlı vəziyyətdə evin həyətinə düşürüb, stulun üstündə əyləşdiriblər. Ayxan və Fərid orada Rafiqi yarı huşsuz vəziyyətə düşənə qədər döyüblər.

Daha sonra qardaşları ilə birlikdə qadın qeyri-rəsmi münasibətdə olduğu kişinin saçlarını qırxıb. Birlikdə Rafiq Əkbərovun əynində olan paltarlarını cıraraq çıxarıblar, onu döyməkdə davam ediblər. Alçaltmaq və rüsvay etmək üçün onun lüt vəziyyətdə foto və video görüntülərini mobil telefona çəkiblər.

Hadisə yerinə gələn polis əməkdaşları Rafiq Əkbərovu evin həyətində yerə yıxılmış, yarı huşsuz halda aşkar ediblər.

Həmin vaxt Ayxan Qasımov polis əməkdaşlarının yanında Rafiq Əkbərovun sinəsindən təpiklə bir dəfə zərbə vurub.

İstintaq orqanı tərəfindən Aydan Qasımova, Fərid Qasımov və Ayxan Qasımovun barəsində Cinayət Məcəlləsinin 133.2.3-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən əzab vermə), 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə), 133.2.6-cı (işgəncə verməklə törədildikdə) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham elan ediliblər.

Ağcabədi rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərin hər birinin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Onların hər birinə 1 il 6 ay sınaq müddəti olmaqla şərti cəza verilib.

Hökmdən narazı qalan zərərçəkmiş Rafiq Əkbərov apelyasiya şikayəti verib. O, hökmdən Cinayət Məcəlləsinin 70-ci maddəsini xaric edilməsini, təqsirləndirilən şəxslərin barəsində olan cəzaların ağırlaşdırılmasını istəyib.

Bundan başqa, prokuror da apelyasiya protesti verib, təqsirləndirilən şəxslərə ittiham olunduğu maddələrin sanksıyasında nəzərdə tutulmuş ağır cəzanın verilməsini istəyib.

Bu şikayətə Şirvan Apelyasiya Məhkəməsində hakim Kamil Bəşirovun sədrlik etdiyi kollegiyada baxılıb. Hakim heyəti prokurorun protestini, zərərçəkmişin şikayətini təmin edib.

Ayxan Qasımov 2 il 6 ay, Fərid Qasımov 3 il azadlıqdan məhrum ediliblər. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərin hər ikisinin barəsində həbs qətimkan tədbiri seçilib və məhkəmə zalından həbs olunublar.

Aydan Qasımova ilə bağlı hissədə hökm dəyişdirilmədən saxlanılıb.

Bu qərardan narazı qalan Ayxan və Fərid Qasımov qardaşları kasasiya şikayəti veriblər. Onlar barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini istəyiblər.

Onların şikayətləri araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Fərhad Kərimovun sədrliyi ilə baş tutan prosesdə kasasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Ayxan və Fərid Qasımov qardaşlarının şikayətləri təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər