Bakıda birlikdə yaşadığı qadına ağır xəsarət yetirməkdə təqsirləndirilən Rəşad Mirzəyevin barəsində axtarış elan olunub.
Teleqraf.com xəbər verir ki, axtarışı Bakı Ağır Cinayətlər Məhkəməsi elan edib.
Məlum olub ki, zamində olan Rəşad Mirzəyev hakim Rahib Salmanovun sədrliyi ilə yanvarın 31-nə təyin olunmuş iclasa gəlməyib.
Rəşad Mirzəyevin iclasda iştirak etməyəcəyi barədə məhkəməyə məlumat verməməsi onun işə məsuliyyətsiz yanaşması kimi qismətləndirilib.
Bu səbəbdən başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib və həbs qətimkan tədbiri seçilib.
Axtarış qərarı icra olunması üçün hüquq-mühafizə orqanlarına göndərilib.
Qeyd edək ki, ötən ilin aprelində Suraxanı rayonu, Bülbülə qəsəbəsində qəsəbə sakini 1978-ci il təvəllüdlü Firəngiz Abdullayeva onunla eyni evdə yaşayan, qeyri-rəsmi ər-arvad münasibətində olduğu 1987-ci il təvəllüdlü Rəşad Mirzəyev tərəfindən bıçaqlanıb.
Qadın xəstəxanaya çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Rəşad Mirzəyevin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.