İmişli rayon Məhkəməsinin inzibatı binasında qapalı keçirilən məhkəmə iclasında zala hücum etməkdə ittiham olunan rayon sakinləri – 1958-ci il təvəllüdlü Murad Seyidov və onun bacısı oğlu, 1981-ci il təvəllüdlü Elşən Səmədlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Elşən Səmədli İmişli rayon Məhkəməsinin inzibati binasında olarkən Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə İmişli rayon polis şöbəsinin istintaq bölməsində ibtidai istintaqı aparılan Əfqan Şahbazovun olduğu zala dayısı Murad Seyidovla birlikdə basqın edib.
Onlar Əfqan Şahbazovun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair prokurorun təqdimatına hakim Qurban Hacıyevin sədrliyi ilə qapalı məhkəmə iclasında baxılan zaman cinayət işi üzrə zərərçəkmiş şəxs olan xalası Zümrüd Seyidova dindirilərkən, iclasda iştirak hüququna malik olmamasına baxmayaraq, icazəsiz məhkəmə zalına daxil olub, Əfqan Şahbazovun şərəf və ləyaqətini alçaldan ifadələr işlədib, məhkəmə baxışı iştirakçısını təhqir edib, məhkəməyə hörmətsizlik göstəriblər.
Elşən Səmədli və Murad Seyidov barəsində Cinayət Məcəlləsinin 289.1-ci (məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi baxılması üçün Cəbrayıl rayon Məhkəməsinə göndərilib. İş hakim Təranə Hüseynovanın sədrliyi ilə araşdırılıb.
“Hakimlə xalam arasında mübahisə yarandı”
Təqsirləndirilən şəxs qismində ifadə verən Elşən Səmədli bildirib ki, Əfqan Şahbazov barəsində həbs qətimkan tədbiri seçilməsinə hakim Qurban Hacıyev tərəfindən baxılarkən məhkəməyə xalası Zümrüd Seyidova ilə birlikdə gəlməyi ona polis müstəntiqi Etibar Cəbrayılov deyib: “Məhkəmənin inzibati binasına daxil olduqda mühafizəçilər hakim köməkçisi Vüqar Süleymanovun xalamı çağırdığını söylədilər. Mən də xalamı məhkəmə iclas zalına qədər müşayiət etdim.
Qapını döyərək hakimdən icazə alaraq məhkəmə iclas zalına daxil olduq. Hakim Qurban Hacıyev mənə kobud formada səslənərək, əsəbi şəkildə “sən nə gəzirsən burda” ifadəsini işlətdi, kobudluqla məhkəmə zalını tərk etməyimi tələb etdi. Mən məhkəmə salonunu tərk etdikdən sonra dayım Murad Seyidovla zalın açıq qapısı qarşısında dayanaraq gözləməyə başladıq. Qapı açıq olduğu üçün içəridə baş verənləri görürdük.
Hakim Qurban Hacıyev xalam Zümrüdün ifadəsini alan zaman onların arasında mübahisə yaşandı, hər iki tərəf səsini qaldırdı. Səsə narahat olaraq dayımla tələsik zala daxil olduq. İçəri girdiyimiz zaman xalamın özündən getdiyini gördük. Hakim kobud formada bizdən zalı tərk etməyimizi tələb etdi. Bu zaman aramızda mübahisə yarandı”.
“Təhqir ifadələri işlətməmişəm”
Təqsirləndirilən şəxsin sözlərinə görə, hakim işçilərə qapını bağlamağı tapşırıb, onları cəzalandıracağını bildirib: “Bir müddət sonra icra məmurları Elşən Cəfərov və Ramil Ağasıyev məhkəmə zalına daxil oldu. Onlardan sonra zala gələn hakim Qurban Hacıyev məhkəmə prosesinin növbəti günə təxirə salındığını elan etdi. Növbəti gün məhkəmə prosesi davam etdi və yekunlaşdı.
Məhkəmə prosesi zamanı heç kimə qarşı təhqir məzmunlu ifadələr işlətməmişəm. Hətta Əfqan Şahbazovla belə mübahisə etməmişəm. İcra məmurları və müdafiəçi hadisə zamanı orada olmayıb. Onlar xeyli müddət sonra məhkəmənin inzibati binasına gəliblər”.
Digər təqsirləndirilən Murad Seyidov da bacısı oğlunun ifadəsinə uyğun danışıb, özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib.
İş üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Əfqan Şahbazovun sözlərinə görə, Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata İmişli rayon məhkəməsində qapalı iclasda hakim Qurban Hacıyev tərəfindən baxılarkən, həmin iş üzrə zərərçəkmiş şəxs kimi tanınmış Zümrüd Seyidovanın qardaşı Murad Seyidov və bacısı oğlu Elşən Şəmədli səs-küylə məhkəmə zalına daxil olublar: “Hakim onlara məhkəmə iclasının qapalı keçirildiyini və kənar şəxslərin həmin məhkəmədə iştirakının qanunsuz olduğunu bildirdi. Onlardan məhkəmə zalını tərk etmələrini tələb etsə də, buna məhəl qoymadılar. İlk olaraq Elşən Səmədli hakimin ünvanına kobud ifadələr işlətdi.
“Ata-anamın ünvanına təhqiramiz sözlər söylədilər”
Əfqan Şahbazovun sözlərinə görə, bundan sonra hakim səbir və təmkinlə onlardan iclas zalından çıxmağı təkrar tələb edib: “Bu vaxt həmin şəxslər mənə tərəf çevrilərək ünvanıma təhqir məzmunlu nalayiq ifadələr işlətməyə başladılar. Daha çox Elşən Səmədli məni təhqir etdi, atamın, rəhmətə gedən anamın, azyaşlı övladlarımın ünvanına təhqiramiz sözlər söylədi. Hakimə “sən başkəsən oğrunu müdafiə edirsən, elə bil məhkəmədə yox, öz obyektindəsən, zənglə iş görürsən, ədalətsiz qərar çıxarırsan” kimi ifadələr işlətdilər.
Məhkəmə icraçıları Murad Seyidov və Elşən Səmədlini məhkəmənin iclas zalını tərk etməyə dəvət etsələr də, onlar bu tələbləri yerinə yetirməyilər”.
Basqınçıların cəzaları verildi
Cəbrayıl rayon Məhkəməsinin hökmü ilə Murad Seyidovun barəsində 600 manat miqdarında cərimə cəzası, Elşən Səmədli isə 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə məhkum olunublar.
Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. Onlar günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Bu cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınan Əfqan Şahbazov da apelyasiya şikayəti verib. O, hər iki təqsirləndirilən şəxsin barəsində olan hökmün ləğv edilməsini, onların cəzalarının ağırlaşdırılmasını istəyiblər.
Bir müddət əvvəl Şirvan Apelyasiya Məhkəməsində hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada apelyasiya şikayətlərinə baxılıb və tərəflərin şikayətləri təmin edilməyib.
Bu qərardan narazı qalan təqsirləndirilən şəxslər kasasiya şikayəti veriblər. Ali Məhkəmənin qərarı ilə kasasiya şikayəti qismən təmin olunub. Şirvan Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub, iş yenidən baxılması üçün apelyasiya instansiyasına qaytarılıb.
Bu dəfə apelyasiya instansiyasında tərəflərin şikayətləri Kamil Bəşirovun sədrlik etdiyi kollegiyada baxılıb. Apelyasiya şikayətlərinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib.
Məhkəmə tərəflərin apelyasiya şikayətlərini yenə də təmin etməyib.