28 Fevral 2020 13:45
879
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə 1-ci qrup əlili öldürməkdə təqsirli bilinən Orxan Yusifliyə qarşı iki maddə ilə ittiham elan edilib.

Teleqraf.com-un xəbərinə görə, Orxan Yusiflinin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Şəki rayon Məhkəməsinin qərarı ilə Orxan Yusiflinin barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bu işdə adı keçən İlkin Məmmədzadənin isə barəsində Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə ittiham elan edilib.

İttihama görə, bu ilin yanvarın 29-da, saat 20 radələrində Şəki şəhərində yerləşən fərdi yaşayış evlərindən birində 1976-cı il təvəllüdlü, 1-ci qrup əlil Eyvaz Səmədovun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar olunması barədə məlumat daxil olub.

Dərhal prokurorluq, polis əməkdaşlarının və məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, iş üzrə maddi sübutlar müvafiq qaydada qablaşdırılaraq götürülüb, müvafiq ekspertizalar təyin edilib.

Təxirəsalınmaz istintaq tədbirləri ilə hadisənin şəhər sakini, 1993-cü il təvəllüdlü Orxan Yusifli tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Orxan Yusifli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Müəyyən edilib ki, Orxan Yusifli dostu İlkin Məmmədzadə ilə birlikdə qətli törətməyə qabaqcadan razılığa gəliblər.

Lakin İlkin Məmmədzadə qətl hadisəsi törədilən yerə gəlməsə də, baş verən ağır cinayət hadisəsi barədə hüquq-mühafizə orqanlarına məlumat verməyib.

Polis və prokurorluq əməkdaşlarının birgə keçirdiyi əməliyyat nəticəsində İlkin Məmmədzadə də həbs edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər