Xaçmaz rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik maddələrin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Xaçmaz rayon polis şöbəsinin cinayət axtarış bölməsinin və narkotiklərlə mübarizə qrupunun əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Mirzəməmməd kənd sakini, əvvəllər qəsdən adam öldürməyə görə həbs olunmuş 42 yaşlı Zabit Mehrəliyev şübhəli şəxs qismində yaşadığı evin yaxınlığında tutulub.
Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə baxış keçirilən zaman böyük həcmdə narkotik maddə aşkar edilib. Polis əməkdaşları tərəfindən oradan təmiz çəkisi 50 kiloqrama yaxın 205 ədəd kibrit qutularında və 63 ədəd sellofan və kağız bükümlərdə satış üçün qablaşdırılmış qurudulmuş marixuana, 12 kisədə hündürlüyü 100-220 sm olan bütöv halda olan çətənə bitkiləri və həmin bitkilərinin toxumları, eləcə də bir ədəd elektron tərəzi maddi sübut kimi götürülüb.
Dindirilmə zamanı Z.Mehrəliyev narkotik tərkibli bitkiləri yaşadığı kəndin yaxınlığında yerləşən meşəlik ərazidə yetişdirdiyini, daha sonra isə satış məqsədi ilə yaşadığı evdə kibrit qutularında və sellofan torbalarda qablaşdırdığını etiraf edib.
Faktla bağlı Xaçmaz rayon polis şöbəsində cinayət işi başlanılıb.
Araşdırmalar davam etdirilir.