Oğuz rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Laçın rayonundan məcburi köçkün düşmüş 1985-ci il təvəllüdlü Ramil Namazovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, Ramil Namazov Laçın İsayevə traktorunu yaşadıqları evin yerləşdiyi küçədə, onlara məxsus həyətin çəpəri yaxınlığında saxlamamağı bildirib.
Ramil Namazov mal-qaranın örüşündən qayıdıb həyətə töküldüyü vaxt Laçın İsayevin traktoru həmin yerdə saxlayıb, Ceyhun Əliyevlə təmir etdiyini görüb.
O, evində saxladığı sənədsiz ov silahını özü ilə götürüb və küçəyə çıxıb, təxminən 20-22 metr aralıda olan Laçın İsayevə traktoru orada saxlamasına görə təkrar irad bildirdirib. Laçın isə onun ünvanına nalayiq sözlər işlədib.
Ramil Namazov Laçın İsayevə yaxınlaşıb, nalayiq sözlər işlətdiyi üçün qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlib. Əlində saxladığı ov silahı ilə Laçın İsayevə yaxın məsafədən atəş açıb. Laçın İsayevə xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
İstintaq orqanı tərəfindən Ramil Namazovun barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramil Namazov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, hadisə baş verən günü kəndin naxırını otarmaq növbəsi onda olub: “Həmin vaxt mallara vəhşi heyvanların hücumu təhlükəsini nəzərə aldığım üçün ov tüfəngini də özüm ilə götürmüşdüm. Günün sonunda malları örüşdən kəndə gətirdim. Heyvanlar həyətlərə dağıldıqdan sonra yaşadığım evə gəldim.
Həyətə daxil olanda qonşum Laçın İsayevin küçədə özünə məxsus traktoru saxlayaraq Ceyhunla təmir etdiyini gördüm”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2017-ci ilin may ayında da, sonra da Laçınla mübahisəsi olub, ona traktoru öz yaşadığı evin hasarının kənarında saxlayaraq təmir etməyi tapşırıb: “Həmin gün Laçın İsayevin traktorunu yenidən həyətyanı sahəmin yaxınlığında saxlamasını və traktorda təmir işləri aparmasını gördüm. Bu səbəbdən küçəyə getdim. Həmin vaxt örüş növbəsindən təzəcə gəldiyim üçün özümlə apardığım ov tüfəngini əlimdə saxlamışdım. Küçəyə çıxarkən tüfəngi götürdüyüm yerə qoymadım, onu küçəyə özümlə aparmaqda heç bir məqsədim yox idi. Həmin vaxt atəş açacağımı da düşünməmişəm.
Laçın İsayevə traktoru orada saxlaması ilə bağlı iradımı bildirdikdə, mənə kobud cavab verdi. Əyilərək yerdən dəqiq görə bilmədiyim hansısa əşya götürdü və mənim tərəfə addımladı. Laçın İsayevin yerdən bıçaq götürdüyünü və həmin bıçaqla məni vuracağını zənn etdim. Onu qorxutmaq məqsədi ilə havaya atəş açdım. Atəş açdıqdan sonra Laçın İsayevin əli ilə sağ çiyin nahiyəsini tutduğunu və yaşadığı evinə tərəf qaçdığımı gördüm”.
Ramil Namazov qeyd edib ki, bundan sonra Laçın İsayevin açdığı atəş nəticəsində xəsarət aldığını başa düşüb: “Hadisə yerinə atam Saday gəldi, Laçına atəş açdığımı bildirdi, tənbeh məqsədi ilə mənə şillə vurdu. Bundan sonra hadisə yerindən uzaqlaşaraq tüfəngi qoymaq üçün yaşadığım evdən təxminən 30 metr aralıda yerləşən tövləyə tərəf getdim. Yolda tüfəngi açaraq onun içərisində olan gilizi yerə atdım. Tüfəngi tövlədə samanların arasında gizlətdim. Sonra tövlədə saxladığım ata minib dağa tərəf qaçdım. Bir qədər dağda gəzdikdən sonra əmimoğlu Namiq mobil nömrəmə zəng etdi. Bildirdi ki, Laçın İsayevin vəziyyəti yaxşıdır. O, gəlib hüquq-mühafizə orqanlarına təslim olmağımı bildirdi. Mən də gecəyarıya kimi dağda gəzdikdən sonra Oğuz rayon polis şöbəsinə yollandım və polisə təslim oldum”.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ramil Namazov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Ramil Namazov apelyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsinə tövsif edilməsini, həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza ilə cəzalandırılmasını istəyib.
Şəki Apelyasiya Məhkəməsində hakim İmanverdi Şükürovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.
Ramil Namazovun şikayəti qismən təmin edilib və Ramil Namazovun cəzası 9 il 6 aya endirilib.