6 May 2020 14:05
3 593
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1967-ci il təvəllüdlü Nazim Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Nazim Həsənov 15 yanvar 2019-cu il tarixdə saat 23 radələrində sərxoş vəziyyətdə tanışı Tərlan Hüseynovun idarə eldiyi ”VAZ 2106” markalı avtomobillə Xaçmaz rayonu, Müşkür kəndi ərazisində yerləşən “Xoşbəxt” kafesinə gəlib.

Həmin vaxt kafedə olan əvvəllər tanımadığı, Xaçmaz rayonu, Müşkür kənd sakini Təmirlan Həmidov sərxoş vəziyyətdə Nazim Həsənova sataşıb. Onun yanında qardaşı Fədai Həsənovun ünvanına nalayiq ifadələr işlədib.

Bu səbəbdən onların aralarında mübahisə yaranıb. Mübahisə zamanı Nazim Həsənov Təmirlan Həmidovun dediyi sözlərdən qardaşı Fədai Həsənovun əvvəllər ondan polisə şikayət edib tutdurmasma görə aralarında ədavət olduğunu öyrənib.

Daha sonra Nazim Həsənov Təmirlan Həmidova bu məsələni araşdıracağını deyib və həmin kafedə digər tanışı Çingiz Əliverdiyevlə görüşərək onunla birgə Ağagül Mövsümzadənin idarə etdiyi “VAZ 2107” markalı avtomobillə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Nabran” ərzaq mağazasına gəliblər.

Bu zaman Nazim Həsənov Təmirlan Həmidovdan qisas almaq məqsədilə onu öldürmək qərarına gəlib. Bu məqsədlə mağazadan bıçaq alıb və yavarın 16-da gecə saat 00:50-də Çingiz Əliverdiyevlə birlikdə spirtli içki qəbul etmək üçün yenidən Ağagül Mövsümzadənin idarə etdiyi avtomobillə “Xoşbəxt” kafesinə qayıdıb.

Orada masa xidmətçisi işləyən Sahib Tağıyevdan spirtli içki verməsini xahiş ediblər. Sahib onlara spirtli içki süzüb və kafenin bağlandığını bildirib. Buna görə Nazim Həsənov kafenin girişində ayaqüstə spirtli içki içib və çölə çıxarkən, kafenin qarşısında Təmirlan Həmidovla rastlaşıb.

Bu zaman Təmirlan Həmidov onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədərək üstünə hücum çəkib. Onların aralarında yenidən münaqişə yaranıb.

Nazim Həsənov üzərində olan mətbəx bıçağı ilə Təmirlan Həmidovun bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr vurub. Təmirlan Həmidov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Nazim Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

Hökmdən narazı qalan Nazim Həsənov apelyasiya şikayəti verib. O, barəsində olan hökmün dəyişdirilməsini, cəzasının yüngülləşdirilməsini xahiş edib. Nazim Həsənovun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elman Əhmədovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Nazim Həsənovun şikayəti təmin olunmayıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər