3 İyun 2020 11:24
1 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda kriminal avtoritetin qətlində ittiham olunan Zaur Yusifov və Həsən Tağıyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyunun 9-na təyin olunub.

İttihama görə, 2019-cu il mayın 9-da saat 23 radələrində Binəqədi rayonu ərazisində 1995-ci il təvəllüdlü Həsən Tağıyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı müxtəlif vaxtlarda Cinayət Məcəlləsinin 315.1, 315.2, 221.1-ci maddələri ilə məhkum olunmuş 1988-ci il təvəllüdlü Emin Səfərovu çoxsaylı bıçaq xəsarətləri ilə qəsdən öldürüb.

İstintaq zamanı cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən cinayətin digər iştirakçısı 1984-cü il təvəllüdlü Zaur Yusifov mayın 12-də şübhəli şəxs qismində tutulub.

Aparılmış istintaq zamanı Emin Səfərovun qəsdən öldürülməsində Həsən Tağıyev və Zaur Yusifovdan başqa hər hansı şəxs və ya şəxslərin iştirakı müəyyən edilməyib.

Müəyyən edilib ki, 1958-ci il təvəllüdlü Əli Yusifovun oğlu Zaur və Həsən Tağıyevlə mərhum Emin Səfərov arasında olan münasibətlərdən məlumatı olmuş və tərəflər arasında barışıq olması üçün dəfələrlə səy göstərib.

Mayın 9-da saat 23:20 radələrində yaşadığı evə gedərkən Emin Səfərovu Binəqədi rayonu İsrafil Həşimov küçəsində yerləşən 8 saylı binanın yaxınlığında “BMW X5” markalı avtomobilin sükanı arxasında görüb və avtomobilə əyləşərək ondan aralarında olan ədavətə son qoyulmasını xahiş edib.

Bu zaman Zaur və Həsən avtomobilə yaxınlaşaraq Emin Səfərova bıçaq zərbələri vurub.

O, münaqişənin qarşısını almaq istəyərkən özü də sağlamlığa yüngül zərərvurmaya aid bıçaq xəsarəti almış və yaşadığı evə gedərək daha sonra tibbi yardım almaq üçün oğlu Zamin Yusifov tərəfindən xəstəxanaya aparılıb.

Qətlə yetirilən Emin Səfərov kriminal aləmdə "Emin 444" ləqəbi ilə tanınıb.

Qeyd edək ki, kikboks üzrə dünya çempionu Zaur Yusifov Emin Səfərovun qətlinin sifarişçisi, qətlin icraçısı isə Həsən Tağıyev olub.

Zaur Yusifov sələmə pul verməklə məşğul olub. Elə hadisənin törədilməsində səbəb də sələmə pul vermək üstündə yaranıb. Hadisədən əvvəl Emin Səfərov Zaur Yusifovdan hadisədən əvvəl Emindən sələmə pul verməyi dayandırmasını tələb edib.

Bu mübahisə sonda dəhşətli qətlin baş verməsi ilə nəticələnib.

Qeyd edək ki, qətlə yetirilən Emin Səfərov kriminal aləm də “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifovun yaxın adam olub.

Hər iki təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə),120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq soyuq silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə yenidən ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər