Ukraynada qətl törətməkdə təqsirləndirilərək Bakıda saxlanılan idman ustası Yasin Həsənovun barəsində seçilən həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Rəşad Abdulovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.
Qərara görə, Yasin Həsənovun apelyasiya şikayəti təmin edilib.
Həbs qətimkan tədbirin uzadılması ilə bağlı hakimin qərarı ləğv olunub. Yasin Həsənov həbsdən azad edilib.
Qeyd edək ki, Nərimanov rayon Məhkəməsində hakim Samir Məmmədovun sədrliyi ilə baş tutan iclasda Yasin Həsənovun barəsində seçilən həbs qətimkan tədbirinin müddəti 3 aya qədər uzadılmışdı.
İttihama görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat nəticəsində 2018-ci ilin iyulun 3-də Ukrayna Respublikası Kiyev yerləşən şəhərində restoranlardan birində Azərbaycan vətəndaşı Davud Ağayevi “Makarov” markalı tapançadan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs Bakı şəhərində Ukrayna Cinayət Məcəlləsinin 115-ci (qəsdən adam öldürmə) maddəsi ilə beynəlxaq axtarışda paytaxt sakini Yasin Həsənov tutulub.
Araşdırma zamanı məlum olub ki, Yasin Həsənovun qətlə yetirdiyi şəxslə əvvəlcədən ədavəti olub.
Belə ki, 2013-cü ildə Davud Ağayev Yasin Həsənova Kiyev şəhərində odlu silahdan atəş açaraq onu yaraladığından sonuncu intiqam almaq məqsədi ilə bir neçə il sonra qeyd edilən hadisəni törədib.
Yasin Həsənov əvvəllər Azərbaycanın cüdo, sambo və pankration döyüşləri üzrə yığma komandalarının üzvü olub. O, dəfələrlə Azərbaycan çempionu olmaqla yanaşı, 2009-cu ildə cüdo üzrə Dünya Kubokunun, sambo üzrə Avropa çempionatının bürünc mükafatçısı olub.
İstintaq orqanı tərəfindən Yasin Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Yasin Həsənovun barəsində istintaq davam edir.